Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 24 iyun, AZƏRTAC
Bu ilin ötən 6 ayı üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) media fəaliyyəti yüksək dinamik inkişafla yadda qalıb.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Ötən dövr ərzində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən universitetin tədris və ictimai-sosial həyatında baş verən yeniliklər, layihə və tədbirlər ADPU-nun rəsmi saytı, sosial media səhifələri və digər kommunikasiya kanalları vasitəsilə mütəmadi tirajlanıb, telekanallar, elektron və çap mediasında işıqlandırılıb, ADPU-nun “Gənc müəllim” qəzeti çap və elektron qaydada dərc olunaraq yayımlanıb. Həmçinin şöbə tərəfindən mütəmadi olaraq mediadan daxil olan sorğu və müraciətlər cavablandırılıb, universitet əməkdaşları və tələbələrin məqalə və çıxışlarının nüfuzlu media orqanlarında dərc edilməsinə dəstək göstərilib, müxtəlif məzmunlu açıqlama və müsahibələr təqdim edilib. Şöbə tərəfindən universitetin sosial media hesabları, elektron poçt ünvanı və əlaqə nömrələri vasitəsilə tələbə və vətəndaşlardan daxil olan 25 minədək müraciət cavablandırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13 faiz artım deməkdir.
Yarımil ərzində Pedaqoji Universitetlə bağlı məlumatları özündə əks etdirən 321 xüsusi əhəmiyyətli xəbər 2561 mənbədə dərc edilib. Bu da onu deməyə əsas verir ki, yayımlanan hər bir xəbər orta hesabla təxminən 8 fərqli mənbədə dərc edilib. Ötən ilin müvafiq dövründə bu say 5 mənbəyə bərabər olub. Şöbə tərəfindən aparılan informasiya yayımının optimallaşdırılması siyasəti nəticəsində fakültə və sturukturlardan daxil olan lokal əhəmiyyətli xəbərlər fakültə və filialların saytında yayımlanır, xüsusi əhəmiyyətə malik xəbərlər isə universitetin rəsmi saytı ilə yanaşı, nüfuzlu informasiya agentliklərində də dərc edilir. İnformasiya yayımı istiqamətində daha bir vacib yenilik isə xəbərlərin Azərbaycan dili ilə yanaşı ingilis dilində də yayımlanmasıdır. Belə ki, şöbə tərəfindən yayımlanan xəbərlər universitetin rəsmi saytının ingilisdilli versiyasında paylaşılır, eləcə də ingilisdilli xəbər yayımı həyata keçirilən media subyektlərində tirajlanır.
Hesabat dövrü ərzində universitetin rəsmi sosial media hesablarının fəaliyyətində yüksək artım dinamikası qeydə alınıb. Universitetin rəsmi feysbuk səhifəsində paylaşılan məlumatlara 6 ay ərzində 2,8 milyon dəfəyə yaxın baxılıb ki, bu göstərici 2024-cü ilin 12 ayı üzrə ümumi baxış sayından 200 min çox baxış deməkdir.
Universitetin rəsmi instaqram hesabında paylaşılan postlar 6 ay ərzində ümumilikdə 7,146 milyon nəfər tərəfindən izlənilib ki, bu say ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çoxdur və 2024-cü ilin 12 aylıq ümumi göstəricisi ilə təxminən eynidir. Səhifənin izləyici sayı hazırda 23 min 700 nəfərdir və ötən ilin sonundan indiyədək izləyici sayı 4 faiz artıb.
Rəsmi vatsap kanalının hazırda 5 mindən çox izləyicisi var. Ötən ilin sonunda kanalın izləyici sayı 1000 nəfər idi və 6 ay ərzində izləyici sayında 5 dəfə artım qeydə alınıb. Kanalda paylaşılan xəbərlər yarımil ərzində 30 minədək istifadəçiyə çatıb. Bundan əlavə, universitetin rəsmi teleqram kanalı və linkedin səhifələri informasiya yayımında fəal iştirak edir. İlin ilk 6 ayı ərzində teleqram kanalında paylaşılan məzmunlar 1 milyona yaxın, linkedin səhifəsində isə 61.500 dəfə izlənilib.
Cari ildən etibarən şöbə tərəfindən aparılan əsas islahatlardan biri də ənənəvi informasiya yayımı ilə yanaşı videoinformasiya yayımının genişləndirilməsi olub. Bu istiqamətdə ADPU TV könüllü komandası xüsusi fəaliyyət göstərib. Komanda tərəfindən universitetin vacib layihə və tədbirləri işıqlandırılıb, reportaj və müsahibələr universitetin rəsmi sosial şəbəkə hesabları və komandanın sosial şəbəkələrində paylaşılıb, tələbələr üçün maarifləndirici və əyləncəli kontentlər hazırlanıb. Bu istiqamətdə aparılan işlərin əməli nəticəsi kimi rəsmi yutub kanalının abunə sayı 6 min nəfərə çatıb. Altı ay ərzində kanalda yayımlanan videolar ümumilikdə 347.750 dəfə izlənilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıma nail olunub. Altı ay ərzində universitetin rəsmi instaqram hesabında (1,42 milyon), “ADPU TV” instaqram hesabında (571.367) və yutub kanalında, eyni zamanda digər sosial şəbəkələrdə yayımlanan videolar daxil olmaqla ADPU barədə videolar 6 ay ərzində 3 milyon nəfərdən çox istifadəçi tərəfindən izlənilib.
Şöbə tərəfindən, həmçinin universitetin istedadlı tələbələrini aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaq məqsədilə ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümü uğurla təşkil edilib. 800-ə yaxın tələbənin iştirak etdiyi müsabiqənin yekununda 10 nəfər qalib olaraq 1000 manat pul mükafatı, “bp Azərbaycan”dan hədiyyələr və Təşkilat Komitəsinin üzvü olan ADPU-nun rəhbər heyəti ilə 1 illik mentorluq proqramından faydalanmaq şansı əldə edib. Növbəti tədris ilinin əvvəlindən qaliblər üçün mentorluq proqramına start veriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.