İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri bu gün İranın paytaxtı Tehran və ölkənin qərb bölgələrində yerləşən hərbi infrastruktura hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, zərbələrin dəqiq hədəfləri və nəticələri barədə hələlik geniş rəsmi açıqlama verilməyib, lakin bildirilir ki, hücum İsrailin son günlərdə apardığı daha genişmiqyaslı regional əməliyyatların davamıdır.
Eyni zamanda, İranın Mehr agentliyi və yerli teleqram kanallarının məlumatına əsasən, Təbriz şəhərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Bölgədə səmanın parlaq işıq şüaları ilə aydınlandığı, hava hücum sirenlərinin səsləndiyi və yerli əhalinin narahatlıq içində evlərini tərk etdiyi bildirilir.
Bu hadisə ABŞ-ın İrana qarşı “Midnight Hammer” əməliyyatı ilə eyni kontekstdə baş verir. Həmin əməliyyatda ABŞ Fordo, Natanz və İsfahanda yerləşən əsas nüvə obyektlərinə dəqiq zərbələr endirmişdi. Ardınca İsrail də bu strateji zərbələrə paralel hücumlarla qoşulmuşdu.
İsrailin Tehrana birbaşa aviazərbə endirməsi isə siyasi və hərbi baxımdan ciddi bir eskalasiyadır. Tehran üzərində həyata keçirilən bu növ zərbələr son onilliklərin ən cəsarətli və riskli hərbi addımlarından biri hesab olunur.
İran Müdafiə Nazirliyi və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən hələlik rəsmi cavab verilməyib. Lakin Təbrizdə hava hücumundan müdafiə sistemlərinin aktivləşdirilməsi və hava hücumu siqnalları ölkənin daha genişmiqyaslı hərbi müdafiəyə hazırlaşdığını göstərir.
Bəzi siyasi müşahidəçilər İranın cavab zərbələri ilə çıxış etməsinin an məsələsi olduğunu bildirirlər. Hazırkı situasiya Yaxın Şərqdə yeni müharibə mərhələsinə keçid ehtimalını gücləndirir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta