“Bu günə qədər “Gənc qızların təhsilinə dəstək” layihəsinə 3 mindən çox müraciət daxil olub. Hazırda 350-yə yaxın gənc qız bu layihələr çərçivəsində təqaüd alır”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu gün keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” tədbirində səsləndirib.
Fond rəhbəri qeyd edib ki, Təhsilin İnkişafı Fondu ölkə başçısının müvafiq fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.Fond fəaliyyətə başladığı gündən ilk layihəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə qızların təhsilinə dəstək məqsədilə həyata keçirib.
Onun sözlərinə görə, Fondun əsas proqramlarından biri – Azərbaycanda ilk qızlar məktəbinin yaradıcısı Hənifə xanım Məlikovanın adına olan layihə çərçivəsində hazırda 145 gənc qız ali təhsil müəssisələrində təhsil alır. Əgər 2022-ci ildə bu layihə cəmi 25 nəfəri əhatə edirdisə, bu rəqəm hazırda 145-ə çatıb.
O əlavə edib ki, "NEQSOL Holding"lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parlaq Təqaüd və İnkişaf Proqramı” sayəsində 100 qız informasiya texnologiyaları, mühəndislik və qeyri-ənənəvi sahələr üzrə ixtisas alıb. Onların arasında beş şəhid həyat yoldaşı da yer alır.
E.Nəsibovun sözlərinə görə, bu layihənin rəhbərlərindən biri şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovadır: “Bu, bizim üçün qürurverici haldır”.Fondun digər təşəbbüslərindən biri olan “Zərif mühəndislər” təqaüd proqramı isə Sumqayıt Texnologiyalar Parkı (STP) ilə birgə icra olunur. Bu layihə çərçivəsində 50 gənc qız kimya, sənaye və mühəndislik sahələrində təhsil alır.
Elnur Nəsibov bildirib ki, özəl sektorla birgə reallaşdırılan bu tip layihələrin üstünlüyü təkcə maddi dəstəkdə deyil, həm də iştirakçıların təcrübə və mentorluq proqramlarına cəlb olunmasında, eləcə də onların əmək bazarına inteqrasiyasında özünü göstərir.
O, həmçinin Azərbaycanın ilk qadın riyaziyyatçısı Maya Hacıyevanın adına keçirilən layihədən də söz açıb. Qeyd olunub ki, bu təşəbbüs çərçivəsində 30 gənc qız informasiya texnologiyaları üzrə ixtisas əldə edib.
Tədbirdə “Kapital Bank”la birgə həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı da təqdim olunub və bu təşəbbüsün əhəmiyyəti diqqətə çatdırılıb.