Bakıda Müasir İncəsənət Mərkəzində tanınmış rəssam-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru, TEM-ART Sənət Mərkəzinin təsisçisi Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb.
Publika.az xəbər verir ki, sərgi “İpəkdə duyğuların harmoniyası” və “Xarizma və sənət” adlı iki bölmədən ibarət olub.
“İpəkdə duyğuların harmoniyası” bölməsində müəllifin ipək üzərində yaratdığı unikal əsərlər nümayiş olunub. Milli motivlərlə zənginləşdirilmiş əsərlər zərifliyi və duyğu dərinliyi ilə seçilərək tamaşaçılarda güclü estetik və emosional təsir yaradıb.
“Xarizma və sənət” bölməsində isə məhdud sayda – cəmi 100 ədəd hazırlanan, dəyərli daşlarla bəzədilmiş eksklüziv qalstuk kolleksiyası təqdim olunub. Bu kolleksiya sənətin geyim mədəniyyətindəki roluna işarə etməklə yanaşı, sənət və dəbin sintezini ifadə edib.
Sərgi böyük maraqla qarşılanıb. Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin nümayəndəliklərinin təmsilçiləri, tanınmış sənət xadimləri və sənətsevərlər iştirak ediblər.