AZ

Adil Şükürov: “Transfer məsələsində yanılmamağa çalışırıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlıq planları barədə danışıb.

Arena.az xəbər verir ki, o, bununla bağlı klubun mətbuat xidmətinə müsahibə verib.

Adil Şükürov həm heyətlə, həm də qarşıdakı toplanışla bağlı sualları cavablandırıb:

– Adil müəllim, komandanın heyətlə bağlı vəziyyəti nə yerdədir? Yeni futbolçulara baxırsınız? Bəyəndiyiniz, komandaya gətirmək istədiyiniz oyunçular varmı?
– Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, “Kəpəz” azarkeşlərinə məlumat veriləcək. Bu arada kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Transfer məsələsində yanılmamağa çalışırıq. Amma biz futbolçuların canlı yox, əvvəlki komandalarda oyunlarını izləyirik. Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Qeyd etdiyim kimi, yekun qərar verdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək.

– Komandanın hazırlıq planı nədir? Təlim-məşq toplanışı harada olacaq?
– “Kəpəz” iyun ayının 30-da Gəncədə hazırlığa start verəcək. Bilirsiniz ki, klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var. 10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq.

– Yoldaşlıq oyunları üçün rəqiblər məlumdur? Mövsümün startına kimi əlavə oyunların təşkili planlaşdırılır?
– Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu cür matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqust tarixlərində meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək.

– Məşqçilər heyətində kimlər var? Köməkçiləriniz məlumdur?
– Bəli, məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək.

Seçilən
7
16
arena.az

10Mənbələr