Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyi məlumat verib.
Nazir müavini Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş zamanı ümumi və peşə təhsili sahələrində qardaş ölkələr arasında cari əməkdaşlıq müzakirə edilib, gələcək əməkdaşlığın genişləndirilməsi üzərində fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, sammit çərçivəsində nazir müavini həmçinin Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir müavini, eyni zamanda Özbəkistan Respublikasının məktəbəqədər və məktəb təhsili nazirinin müavini Farhod Esanoviç Bokiyev ilə görüşərək iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahələrində davam edən və planlaşdırılan əməkdaşlıq perspektivlərini müzakirə edib.