Bakı, 21 iyun, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata görə, KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə 18-21 iyun tarixlərində keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
Builki sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Dörd gün ərzində sərgiyə 30 mindən çox ziyarətçi qatılıb. Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində KOB-ların 10-a yaxın iri şirkətlə B2B görüşləri təşkil olunub. KOB-ların ixrac imkanlarının artırılmasına dəstək üçün sərgidə bir sıra xarici ölkələrin ticarət palatalarının və müvafiq təşkilatların iştirakı təmin edilib.
“Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin məqsədi yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı əməkdaşlığı təşviq etməkdir.