AZ

“Hypers Quba” adını və loqosunu dəyişdi

Azərbaycan çempionatının İkinci Liqasında mübarizə aparan “Hypers Quba” futbol klubu rebrendinq edərək adını və loqosunu dəyişdirib.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Hypers Quba” bundan sonra “Quba” adı ilə fəaliyyət göstərəcək. Həmçinin klubun loqosunda da dəyişiklik olunub:

“Bir ad, bir dövr başa çatdı… Yeni bir nəfəs başlayır.

Uzaqlardan gələn bir səda var, Qubanın dağlarından, çaylarından, dumanlı səhərlərindən doğan bir çağırış…

Bu çağırışa səs verdik. Komandamız bu gündən etibarən “Hypers Guba” adını rəsmi olaraq “Quba” PFK ilə əvəz edir. Bu rebrendinq, yeni başlanğıcın xəbərçisidir.

“Hypers Guba” adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi…
Amma indi “Quba” PFK adı ilə Qubanın adını daha da yüksəklərə daşımaq zamanıdır.

İrəlidə bizi hələ yazılmamış hekayələr, yenilməmiş rəqiblər və qazanılmamış çempionluq gözləyir.

“Quba” Peşəkar Futbol Klubu (Quba PFK) – səssiz dağların, güclü ruhun komandası kimi yeni tarixlər yazmaq ümidi ilə”.

Xatırladaq ki, “Hypers Quba” Azərbaycan İkinci Liqasının 2024/2025-ci illər mövsümünü 4-cü pillədə başa vurub.

Seçilən
6
5
arena.az

7Mənbələr