AZ

"Azərbaycan ilə Türkiyə regionda ən etibarlı tərəfdaş kimi çıxış edir" - Vüqar Rəhimzadə

"“Bir millət, iki dövlət” prinsipi  Azərbaycan-Türkiyə münasibətlərinin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir". 
 
Bunu "Moderator.az-a açıqlamasında  Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
 
Parlamentari bildirib ki, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir.  
 
"Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq aləmdə yerinin, mövqeyinin  möhkəmlənməsində mühüm rol oynayıb. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında əhəmiyyətli rol oynadı. Dünya hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə bu birliyin, həmrəyliyin sarsılmazlığının şahidinə çevrildi. Dövlət başçısı İlham Əliyev iyunun 19-da qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimindəki çıxışında bir daha bu reallıqlara diqqəti yönəltdi".  
 
Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ qardaş ölkə üçün növbəti sınaq oldu. Azərbaycan dövləti və xalqı ilk gündən qardaş ölkənin yanında oldu.  
 
Zəlzələdən dərhal sonra Rəcəb Tayyib Ərdoğanan  liderliyi ilə axtarış-xilasetmə işlərinə başlanıldı, ondan sonra yenidənqurma və inşaat işlərinə start verildi.  Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. 
 
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Artıq bu məhəllə sakinlərini qarşıladı. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, “Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur.
 
Vüqar Rəhimzadə bildirib ki, hər gün Azərbaycan-Тürkiyə qardaşlığı tarixinə yeni bir uğur səhifəsini yazır. Bu, ölkələrimizin, xalqlarımızın daim bir yerdə olduğunun, hər zaman hədəflərə doğru birgə addımladıqlarının göstəricisidir. Azərbaycan ilə Türkiyə bu gün regionda və beynəlxalq müstəvidə bir-birinin ən etibarlı tərəfdaşı kimi çıxış edir.
Seçilən
3
8
moderator.az

9Mənbələr