AZ

Gürcüstan parlamentariləri Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumatlandırılıb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələrimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.

İki ölkənin parlamentlərarası münasibətlərindən danışan S.Qafarova deyib ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafının əhəmiyyəti qeyd olunub. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatının önəmindən danışılıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Milli Məclisin sədri Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb, ölkələrimiz arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindən danışıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı regionda təhlükəsizliyi, sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına xidmət edir.

Şota Berekaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, komitələr arasındakı işbirliyinin daha da artırılmasının, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
3
14
yeniazerbaycan.com

10Mənbələr