Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Xezerxeber.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara hava limanı barədə məlumat veriblər. Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə faktlar səfər iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıb, bütün evləri, şəhər infrastrukturunu dağıdıb, şəhəri tamamilə yer üzündən siliblər.
Qonaqlara rayon işğaldan azad edildikdən sonra Füzuli şəhərində Baş plana uyğun olaraq Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat verilib, onlar hava limanında sərgilənən stendlərlə tanış olublar. Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yeni yaşayış məhəllələrində məskunlaşıblar.
Səfər iştirakçıları Füzulidən sonra Şuşa şəhərində olublar.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad edildikdən sonra burada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və görüləcək işlər barədə məlumat veriblər.
Qonaqlar Cıdır düzündə əsrarəngiz təbiət mənzərələrini seyr edib, sonra Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, qala divarları ilə tanış olub, “İsa bulağı”na baş çəkiblər.
Daha sonra Xankəndiyə gələn nümayəndə heyəti şəhərin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəkli çəkdiriblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Xankəndi şəhəri haqqında, burada Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə məlumat veriblər.
Qonaqları QDİƏT PA-da nümayəndə heyətimizin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Səbinə Salmanova, Rizvan Nəbiyev, Günay Ağamalı, Zaur Şükürov, Vüqar İskəndərov və Mahir Süleymanlı müşayiət ediblər.