Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.
İşçi qurupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə tematik qrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idərəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasında layihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini bildirib.
Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarının çıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləri dinlənilib, bu istiqamətdə müzakirələr aparılıb. Qərara alınıb ki, qısa müddətdə qanun layihəsi daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilərək Komissiyaya təqdim edilsin.