Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada ölkəyə qarşı hibrid fəaliyyətlərin arxasında duran müəyyən dairələrin olduğunu istisna etmir.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, baş nazir bunu parlamentdə jurnalistlərlə brifinq zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin hakim elitasının bəzi nümayəndələri saxlanılan iş adamı Samvel Karapetyanın dünən verdiyi bəyanatını Rusiyanın Ermənistan hökumətinə qarşı destabilləşdirici fəaliyyəti kimi qiymətləndirirlər.
N.Paşinyan qeyd edib ki, onun Rusiya prezidenti və hökumət başçısı ilə qarşılıqlı etimada əsaslanan çox sıx işgüzar münasibətləri var.
"Mən inanmıram ki, Ermənistana qarşı belə bir aksiya Kreml və ya Rusiya hökuməti tərəfindən həyata keçirilsin, lakin Rusiyada bu hibrid fəaliyyətlərin arxasında duran müəyyən dairələrin olduğunu istisna etmirəm. Həm də belə dairələr təkcə Rusiyada deyil. Əminəm ki, digər ölkələrdə də dairələr var", - o bildirib.