D vitamininin daha bir faydalı təsiri aşkar edilib. Belə ki, aşağı dozada D vitamini qəbulu süd vəzi xərçəngi olan qadınlarda kimyaterapiyanın effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.
Gundem.az xəbər verir ki, bu nəticəyə San-Paulu Dövlət Universitetinin Botukatu Tibb Məktəbinin alimləri gəliblər.
Tədqiqatın nəticələri “Nutrition and Cancer” (Qidalanma və Xərçəng) jurnalında dərc olunub.
Araşdırmada 45 yaşdan yuxarı, əməliyyatla şişin çıxarılmasından əvvəl aparılan neoadyuvant kimyaterapiya müalicəsi alan 80 qadın iştirak edib. İştirakçıların əksəriyyətinin qanında D vitamini səviyyəsi tövsiyə olunan göstəricidən aşağı olub (20 ng/ml-dən az).
Altı ay ərzində pasiyentlərin bir qrupu hər gün 2000 beynəlxalq vahid (BV) D vitamini qəbul edib, digər qrup isə plasebo alıb. Müalicənin sonunda birinci qrupda olan qadınların 43%-də şiş tamamilə yoxa çıxıb. Plasebo qəbul edənlər arasında isə bu göstərici cəmi 24% təşkil edib.
Tədqiqatçılar qeyd edirlər ki, orqanizmdə D vitamini səviyyəsinin sabitləşdirilməsi immun sistemini gücləndirə və şişin kimyaterapiyaya qarşı həssaslığını artıra bilər. Araşdırmanın müəlliflərindən biri, onkocərrah Eduardu Karvalyu-Pessoa bildirib ki, D vitamini belə müalicənin təsirini gücləndirmək üçün istifadə olunan bahalı preparatlara əlçatan və təhlükəsiz alternativ ola bilər.
“Göstərilən doza (gündə 2000 BV) kəskin çatışmazlığın müalicəsində təyin edilən dozadan xeyli aşağıdır və bu səbəbdən uzunmüddətli qəbul üçün təhlükəsiz sayılır,” – deyə alim vurğulayıb.