AZ

İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir edib?

Regionda olan gərginliklər istər Rusiya-Ukrayna, istər Hindistan-Pakistan, istərsə də İran-İsrail arsındakı münaqişə şəraiti turistlərin səfərlərinə və səyahət qərarlarına təsir edir.

Day.Az xəbər verir ki, bunu Trend-ə İran-İsral münaqişəsinin region turizminə təsirini şərh edərkən turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, adətən təhlükəsizlik məsələsində sual yaranarsa, insanların ilk etdiyi iş səyahətlərini təxirə salmaq və daha təhlükəsiz ərazilərə yerdəyişmə etmək olur:

"İrandan və İsraildən Azərbaycana kifayət qədər turist gəlirdi. Son dövrlərdə biz burada artım müşahidə edirdik. Lakin buna baxmayaraq, münaqişə hava məkanının bağlanmasına səbəb oldu. İnsanlar həm Azərbaycana, həm də ölkəmizdən münaqişə zonalarına səyahətlərini dayandırdılar.

2024-cü ildə Azərbaycana İrandan 210 min, İsraildən isə 29 min vətəndaş səfər etmişdi. Bu, əvvəlki illərlə müqayisədə artan tendensiya idi. Lakin yaranmış vəziyyət bu bazara ciddi təsir göstərdi. Hətta İran bazarından daha böyük artım gözlənilirdi, çünki 15 iyun tarixindən etibarən Tehran və Təbrizdən birbaşa reyslərin həyata keçirilməsi planlaşdırılırdı. Ümumulikdə həftədə 6-7 reys təşkil olunmalı idi ki, bu da turistləri İrandan Azərbaycana gəlməsini təmin etməli idi".

O qeyd edib ki, hazırkı dövrdə hava məkanı bağlıdır:

"Gördüyümüz kimi, bu istiqamətdə hərəkət tamamilə dayanıb. Azərbaycandan İrana və əksinə bütün gedişlər və rezervasiyalar ləğv olunmaq məcburiyyətində qalıb. Turizm şirkətləri əlbəttə ki, alternativ bazarlarla işləməyə çalışmalıdır. Daim alternativ bazarlar üzərində iş gedir.

Bildiyimiz kimi, Çin bazarı artıq daha aktualdır, lakin təkcə bir bazar kifayət etmir. Türkiyədən Azərbaycana maraq artır və kiçik qruplar Türkiyədən ölkəmizə səfər edirlər. Baxmayaraq ki, Türkiyə qardaş ölkədir, burada ciddi potensial mövcuddur, hələ də Türkiyədən ölkəmizə turist kimi gəlməyən çoxsaylı insanlar var. Bu isə Azərbaycan üçün əhəmiyyətli bazar ola bilər. Həm birbaşa uçuşların olması, həm də şəxsiyyət vəsiqəsi ilə səfər imkanları Azərbaycanı türkiyəli turistlər üçün daha da cəlbedici edir".

Turizm məsələləri üzrə ekspert Cəfər Qarayev isə Trend-ə açıqlamasında qeyd edib ki, dünyada hərhansı mənfi hadisə baş verəndə əvvəlcə turizm sektoruna zərbə vurur:

"Buna misal olaraq müharibələri, pandemiyaları, təbii fəlakətləri, iqtisadi və siyasi böhranları göstərə bilərik. Dünyada hər hansı neqativ hal baş verdikdə, turizm və digər iqtisadi sahələr əvvəlcə həmin ölkəyə zərər vurur. Hazırda İranla İsrail arasında yaranan münaqişədə hər iki ölkə təbii ki, ziyan çəkir. Bununla yanaşı, onların qonşuluğundakı ölkələr də turizm baxımından zərər görür.

Bildiyimiz kimi, Azərbaycana ən çox turist gələn ölkələrdən biri Ərəb Körfəzi ölkələri olub. O istiqamətdən Bakı şəhərinə uçan təyyarələr Ərəb Körfəzi və İran üzərindən uçduğu üçün reyslərin çoxu ilk günlərdə ləğv edildi. Sonrakı günlərdə isə bəzi hava yolları uçuşlarını bərpa etdi, amma alternativ marşrutlar üzrə həyata keçirilir. Məsələn, Azərbaycan Hava Yolları və ya Fly Dubai təyyarələri ilə Bakıdan Dubaya, yaxud əks istiqamətə uçuşlar əvvəl 2 saat 40 dəqiqə davam edirdisə, indi bu reyslər 6-7 saata qədər uzanıb. Digər hava marşrutlarından istifadə olunduğu üçün uçuşlar gecikir və ya uzun müddət davam edir. Uçuş müddətinin uzanması turistlərin xoşuna gəlmir. Onlar 2 saat 40 dəqiqəyə planlaşdırdıqları uçuşların 6-7 saata dəyişdirilməsini istəmirlər. Buna görə də səfərlərini avtomatik olaraq ləğv edirlər".

Ekspert bildirib ki, həmçinin, hava yolları təyyarə biletlərinin qiymətini artırır:

"Bu vəziyyət yanacaq sərfiyyatının və digər vergilərin artmasına, nəticə etibarilə isə biletlərin qiymətinin yüksəlməsinə səbəb olur. Bu baxımdan, son beş gündə demək olar ki, hər gün səyahətlərin ləğvi ilə qarşılaşırıq. Bu hal turizm sektorunu ciddi şəkildə narahat edir. Bir müddət əvvəl Pakistan-Hindistan münaqişəsi zamanı da Hindistanın turizm şirkətləri Azərbaycan və Türkiyəni boykot etmişdi. Nəticədə əvvəlcə həmin istiqamətdən gələn turist axını azaldı. Ardınca isə İsraildən həm qrup, həm də fərdi səfərlər çərçivəsində Azərbaycana gələn turistlərin böyük bir qisminin gəlişi iyunun sonuna qədər ləğv olundu. Dünən aldığımız məlumata əsasən, bu turların əksəriyyəti artıq rəsmən ləğv edilib. Həmçinin, Azərbaycan Hava Yollarının Tehran və Təbrizə yeni başladığı uçuşlar da ümidverici idi. Oradan artıq turistlər ölkəmizə gəlmək üçün paket turları alırdılar. Təəssüf ki, bu planlar da baş tutmadı və həmin səfərlər də ləğv olundu".

"Azərbaycandan İran və İsrailə səyahət edənlərin sayı isə o qədər də çox deyildi. Bu istiqamətdə səfər edənlər əsasən dini məqsədlərlə və ya müalicə üçün gedirdilər. Lakin bu səfərlər də qeyri-müəyyən vaxta qədər ləğv olunub. Əgər münaqişə dayansa, turizm sektoru bərpa mərhələsinə keçə bilər. Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyasının başlanmasından bu günə qədər biz hələ də postpandemiya dövrünü yaşayırıq. Quru sərhədlər hələ də bağlıdır və mövcud statistikalara əsasən, Azərbaycan pandemiyadan əvvəlki turist axınını tam bərpa edə bilməyib. Artıq 5 ildir ki, həmin hədəflərə çatmaq üçün çalışırıq. Lakin bizdən asılı olmayan səbəblərdən dolayı görünür ki, yaxın müddətdə bu hədəflərə çatmaq mümkün olmayacaq".

Turizm eksperti Rəhman Quliyev isə Trend-ə qeyd edib ki, bu gün bir çox ölkələrdə, həmçinin, İsrail və İran arasında baş verən gərginlik turizm coğrafiyasına ciddi təsir edib:

"Münaqişələr turizm destinasiyalarına və marşrutlarına ciddi təsir göstərir. Təbii ki, hazırkı şəraitdə Təl-Əvivə, Tehran və Təbrizə həyata keçirilən uçuşlar təxirə salınıb. Mövcud vəziyyətdən əvvəl İsraildən Azərbaycana kütləvi turist axını müşahidə olunurdu. Hava yollarının, ümumilikdə isə hava məkanının uçuşlara bağlanması göstərir ki, bu prosesin bir müddət davam etməsi ehtimal olunur".

"Ukrayna-Rusiya və Pakistan-Hindistan münaqişələri kimi, İran-İsrail qarşıdurması da Azərbaycanda turizm sektoruna mənfi təsir göstərir. Məsələn, gərginlik yaranmazdan əvvəl Hindistandan ölkəmizə kütləvi turist axını müşahidə olunurdu. Hazırda isə bu istiqamətdə azalma müşahidə edilir. Ümumilikdə, iyun ayında Azərbaycana gələn turist sayında müəyyən azalma qeydə alınıb ki, bu da mövcud geosiyasi vəziyyətlə birbaşa əlaqəlidir.

Bununla belə, Azərbaycanın digər turizm destinasiyaları və yeni bazarlarla da əməkdaşlığı mövcuddur. Məsələn, Çinlə qurulan əlaqələr nəticəsində bu ölkədən Azərbaycana əhəmiyyətli sayda turist axını gözlənilir. Digər tərəfdən, Rusiya vətəndaşlarının Avropaya səfərlərində müəyyən məhdudiyyətlərin olması səbəbilə onlar alternativ olaraq Azərbaycanı seçirlər. Hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik isə turist axınının davamlı və dayanıqlı şəkildə artmasına imkan yaradır", - R.Quliyev qeyd edib.

Seçilən
4
4
day.az

5Mənbələr