BAKI, 17 iyun. TELEQRAF
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, iş üzrə tanınan Şəhriyar Əliyev və onun həyat yoldaşı əsas şahiddir. Qeyd olunub ki, onların şikayəti əsasında cinayət işi başlanıb.
Hakimlər heyəti adıçəkilən iki şahid və məhkəmənin çağırışlarına gəlməyən digərşahidlərin məcburi gətirilməsi haqqında qərar qəbul ediblər.
Bildirilib ki, qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.
Növbəti proses iyulun 22-ə təyin olunub.
Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Hacı Zeynalov