Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dəvət olunan şahidlərin gəlmədiyi məlum olub.
Hakim bildirib ki, iş üzrə istintaqda dindirilən şahid Şəhriyar Əliyev əsas şahiddir. Onun ifadəsi əsasında bu iş üzrə cinayət işi başlanılıb.
Hakim onun və məhkəməyə gəlməyən bütün şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.
Məhkəmə prosesi iyulun 22-ə təyin olunub.
Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.