AZ

Avropa çempionu olmaq çox qürurvericidir -Rəvan Həsənzadə

Avropa çempionu olmaq çox qürurvericidir. Əziyyətimiz yerdə qalmadı.

Redaktor.az xəbər verir ki, bunu Şimali Makedoniyanın paytaxtı Skopyedəki U-17 Avropa çempionatında 48 kq çəki dərəcəsində çıxış edərək qızıl medal qazanan sərbəst güləşçimiz Rəvan Həsənzadə jurnalistlərə açıqlamasında deyib.

"Xaçmaz Olimpiya İdman Kompleksində 3 təlim-məşq toplantısı keçdik. Bu təlim-məşq toplantıları ağır və çətin idi. Məşqçi heyətinə təşəkkür edirəm. Onların əziyyəti olmasaydı, qələbə qazana bilməzdik. Qarşıda dünya çempionatı gəlir. Hədəfim də dünya çempionu olmaqdır", - idmançı bildirib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Seçilən
6
13
redaktor.az

10Mənbələr