İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xətlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.
Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
“Bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub”, - XİN rəsmisi vurğulayıb.
A.Hacızadə qeyd edib ki, səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.