BAKI, 15 iyun. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə İsrailin İrana hücumlarını müzakirə edib.
Teleqraf xəbər verir ki, Əraqçi İslam ölkələrini "İsrailin bölgə ölkələrinə qarşı artan qanunsuzluğuna qarşı birgə mübarizəyə" çağırıb.
Ölkəsinin xarici hücumlara qarşı özünü müdafiə etmək hüququna malik olduğunu bildirən Əraqçi İran silahlı qüvvələrinin "təcavüz dayanana qədər İran xalqını müdafiə etmək" əzmində olduğunu vurğulayıb.
Taha həmçinin İsrailin İrana hücumlarından narahatlığını ifadə edib və hücumu şiddətlə qınayıb.
Taha bölgədə narahatlıq doğuran gərginlik və etibarsızlığın yayılmasının qarşısını almaq və beynəlxalq hüququn pozulmasına qarşı qlobal dəstək vermək üçün çalışacaqlarını, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı surətdə hərəkətə keçəcəklərini bildirib.