İsrail və ABŞ arasında Yaxın Şərqdəki gərginliyin fonunda yeni bir hərbi ittifaq formalaşır. ABŞ-da nəşr olunan nüfuzlu “Axios” portalı yazır ki, İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtonu İranın nüvə proqramına qarşı birbaşa hərbi əməliyyata qoşulmağa çağırıb.
Prezident Donald Tramp isə bu çağırışa “açıq qapı” buraxıb – lazım gələrsə, ABŞ-ın əməliyyatlara dəstək verə biləcəyini bildirib.
Fordo hədəfdə – ABŞ-sız mümkün deyil
İsrailin planı, əsasən, İranın yeraltı nüvə infrastrukturu – xüsusilə Fordo uran zənginləşdirmə obyektini sıradan çıxarmağa yönəlib. Lakin bu cür dərin strateji hədəflərə zərbə yalnız ABŞ-ın inventarında olan “bunker-buster” tipli ağır bombalarla mümkündür. Məhz bu səbəbdən, İsrail ABŞ-ın bu əməliyyatda aktiv rol almasına ehtiyac duyur.
Axios-un məlumatına görə, Netanyahu Tramp administrasiyasından bu məqsədlə həm texniki dəstək, həm də logistik təminat istəyib. Tramp isə Netanyahu ilə son telefon danışığında ABŞ-ın “zərurət yaranacağı halda” İsrailin yanında olacağını söyləyib.
Tramp administrasiyası yaşıl işıq yandırır
Rəsmi olaraq ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti hücum planlarında iştirak etmədiklərini bəyan edirlər. Ancaq Axios-un diplomatik mənbələrə istinadla yazdığına görə, Vaşinqton İsrailin son hücumlarından öncədən xəbərdar olub və bu əməliyyatlara de-fakto yaşıl işıq yandırıb.
Bu, artıq ABŞ-ın İran məsələsində tam neytral qalmayacağını və İsraillə hərbi koordinasiyaya girdiyini göstərir.
İran üçün növbəti mərhələ: genişmiqyaslı zərbələr
Ekspertlər bildirirlər ki, İsrailin həyata keçirdiyi hazırkı əməliyyatlar daha çox “hazırlıq mərhələsi” xarakteri daşıyır. Əgər ABŞ əməliyyata qoşularsa, bu, İranın nüvə proqramını tam çökdürmək məqsədi daşıyan koordinasiyalı və genişmiqyaslı hücumun başlanğıcı ola bilər. Bu halda İranın hərbi və infrastruktur baxımından cavab vermə imkanları xeyli zəifləyə bilər.
Yaxın Şərqdə müharibə genişlənir
Qeyd edək ki, hazırda İsrail və İran arasında raket və PUA hücumları fonunda regionda vəziyyət gərgin olaraq qalır. Bəndər-Abbas, Tehran, Təbriz kimi İran şəhərləri İsrail aviazərbələrinin hədəfinə çevrilib. Eyni zamanda Hayfa və Təl-Əviv də İranın ballistik zərbələrinə məruz qalıb.
Əgər ABŞ bu münaqişəyə hərbi cəhətdən qoşularsa, bu, regionda növbəti və daha təhlükəli mərhələnin başlanğıcı ola bilər.
Musavat.com