Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri İrandakı obyektlərə qarşı yeni aviazərbələr həyata keçirir. Bu barədə məlumatı İranın yarırəsmi “Tasnim” agentliyi yayıb.
Məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri azı yeddi vilayətdə aktivləşdirilib. Sakinlər gecə saatlarında hava hücumlarının səsinə və partlayışlara şahid olduqlarını bildiriblər. Hücumun əsas hədəflərindən biri isə İranın strateji liman şəhəri – Bəndər-Abbasdır.
Bəndər-Abbas, İranın cənub sahillərində yerləşən və həm hərbi, həm də ticarət baxımından əhəmiyyətli bir liman şəhəridir. Hazırda şəhər ətrafında hava hücumlarından sonra yanğın və partlayış səsləri müşahidə olunur.
İsrail tərəfi hücumla bağlı hələlik rəsmi açıqlama verməyib, lakin müdafiə mənbələri bu əməliyyatların İranın hərbi-sənaye və raket infrastrukturu ilə bağlı olduğunu bildirirlər.
Qeyd edək ki, son günlərdə İranla İsrail arasında gərginlik kəskin artıb və qarşılıqlı raket və pilotsuz aparat hücumları davam edir. BMT və bir sıra beynəlxalq təşkilatlar tərəfləri təmkinə çağırsa da, hərbi eskalasiya getdikcə daha geniş miqyas alır.
Musavat.com