Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar.
Bu barədə Day.Az İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Belə ki, Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdə görülmüş işlər, investorlar üçün tətbiq olunan güzəşt və azadolmalar, həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, 190 hektar ərazini əhatə edən Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
"Hazırda Parkda investisiya portfeli 260 milyon manatdan çox 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkar isə qeyri-rezidentlik statusu verilib, 9 müəssisə fəaliyyət göstərir. Digər müəssisələrin təşkili istiqamətində işlər davam etdirilir.
Bugünədək Sənaye Parkında görülən işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb", - məlumatda qeyd olunub.
Görüş çərçivəsində Türkiyəli iş adamları Ağdam Sənaye Parkında mövcud biznes imkanlarından yararlanmağa dəvət edilib.
Qonaqlar Ağdam Sənaye Parkıda görülmüş işlər, Parkın rezidenti "Bafco İnvest" MMC-nin müxtəlif növ ayaqqabıların istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.