Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Əfkan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Sherg.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və baş katibi Tahir Budaqovun müşayiətilə Əfkan Ala və nümayəndə heyəti daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Bakı Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel də iştirak edib.
Əfkan Alanın rəhbərlik etdiyi heyətdə AK Partiya sədrinin müavini Zafer Sırakaya və partiyanın İstanbul millət vəkili Şamil Ayrım da yer alıb. Nümayəndə heyəti sabah Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.