AZ

AzTU-da beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılışı olub

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, bp şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə AzTU-da beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva Mərkəzdə yaradılan imkanlar haqqında məlumat verib. Bildirib ki, iki mərtəbədən ibarət olan kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərəcək. Beynəlxalq standartlara cavab verən Mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitariya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu veb-sayt hazırlanıb.

Mərkəz ən son kitabxana təhlükəsizlik və özünəxidmət sistemi olan RFID texnologiyası ilə təchiz edilib. Elektron kiosklar oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünəxidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir. Bundan əlavə kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub.

Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Qeyd edilib ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli mütəxəssislər tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır. Belə ki, layihə beynəlxalq biliklərlə ixtisaslaşdırılmış yerli kadrlar tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbəri Mərkəzin direktoru Xəyalə Hacıyeva, texnologiya, sistem və proqram təminatı üzrə məsləhətçisi isə İltifat İbrahimovdur.

 

Seçilən
16
2
azertag.az

3Mənbələr