Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, BP şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə beynəlxalq standartlar səviyyəsində qurulan Kitabxana İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib...
"Report" xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) açılan mərkəzdə qurumun direktoru Xəyalə Hacıyeva yaradılan imkanlar haqqında məlumat verib.
Bildirib ki, iki mərtəbədən ibarət olan kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərəcək. Beynəlxalq standartlara cavab verən mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitariya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu vebsayt hazırlanıb.
Mərkəz ən son kitabxana təhlükəsizlik və özünə xidmət sistemi olan RFID texnologiyası ilə təchiz edilib. Elektron kiosklar oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünə xidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir.
Bundan əlavə kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub.
Qeyd edək ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli ixtisasçılar tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır.
Poliqon.info