“İnter Mayami” bu ay keçiriləcək klublararası dünya çempionatı üçün heyətini açıqlayıb.
Msport.az xəbər verir ki, yekun siyahıda komandanın liderləri də yer alıb.
Belə ki, “Barselona”nın sabiq oyunçuları Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba klublararası dünya çempionatında ABŞ klubuna kömək edəcək.
Turnir iyunun 15-də “İnter Mayami” və “Əl Əhli”nin (Misir) qarşılaşacağı açılış oyunu ilə başlayacaq. MLS komandası qrup mərhələsində həmçinin “Porto” (Portuqaliya) və “Palmeyras”la (Braziliya) mübarizə aparacaq. Çempionat iyulun 13-də başa çatacaq.
Qeyd edək ki, yeni formatda 32 klub 8 qrupda mübarizə aparacaq. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək.