Baş prokurorun Keniyaya işgüzar səfəri başa çatıb
Ajans.az Baş Prokurorluğa istinadən xəbər verir ki, İyunun 10-da Mombasa şəhərində Millətlər Birliyinə (Commonwealth of Nations) üzv ölkələrin baş prokurorlarının 23-cü Konfransı başlayıb. Konfransın açılış mərasimində Keniya və Avstraliya dövlət prokurorluqlarının rəhbərləri çıxış edərək Azərbaycan prokurorluğunun nümayəndə heyətinin xüsusi qonaq qismində iştirakını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq hüquqi əməkdaşlıq sahəsindəki fəal rolunu vurğulayıblar. Daha sonra Baş prokuror Kamran Əliyev cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. İclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.