Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəməsi başlayıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı vəsatət verərək bildirib ki, iş materialları ilə tanış olmayıb. Buna görə də o, məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Proses iyulun 10-a kimi təxirə salınıb.
Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Beniz" ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edilib.
Şikayətçinin tiktoker barəsində təqdim etdiyi sübutları əsas götürülərək ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.