"Moskva müharibəni uzatmaq və beynəlxalq vasitəçilik cəhdlərini boşa çıxarmaq üçün sülh prosesini bilərəkdən ləngidir..."
Ukrayna müharibənin başa çatması ilə bağlı sülh memorandumunu ABŞ-a təqdim etsə də, Rusiya tərəfindən analoji sənəd hələ də təqdim olunmayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynanın hazırladığı və ABŞ-a təqdim etdiyi memorandumda Rusiyanın atəşkəs zamanı riayət etməli olduğu şərtlər əks olunub.
Memorandumun əsas şərtləri və tələbləri
Sənəddə quru, dəniz və hava məkanında döyüş əməliyyatlarının tam dayandırılması tələb olunur. Atəşkəsə nəzarəti isə beynəlxalq tərəfdaşlar həyata keçirməlidir.
Nəşr xatırladır ki, bu həftə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq təsdiqləyib ki, ABŞ artıq Ukraynadan bu memorandumu alıb. Lakin bu günədək Rusiya tərəfindən analoji sənəd təqdim olunmayıb. Kelloq bununla belə vurğulayıb ki, Rusiya memorandumu təqdim etməsə belə, Ukrayna danışıqlardan imtina etməməlidir.
"Daima xəbərdarlıq edirəm: belə bəyanatlar verməyin. Əgər danışıqlara qatılmasanız, unutmayın ki, həyatın bir hissəsi, sadəcə olaraq, iştirak etməkdir. Siz ciddiliyinizin sübutunu göstərməlisiniz", - Kelloq "ABC News" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna memorandumu 22 bənddən ibarətdir. O, bu tələbləri "kifayət qədər məntiqli və ağıllı" adlandırıb.
Ukrayna: Rusiya danışıqları bilərəkdən uzadır
Ukrayna xarici işlər naziri Andrey Sıbiqa isə mayın 30-da Rusiyanı danışıqları bilərəkdən uzatmaqda ittiham edib. O, bildirib ki, Moskva hələ də öz sülh memorandumunu təqdim etməyib. Nazirin sözlərinə görə, Ukrayna bu sənədi görmədən nümayəndə heyətini danışıqların növbəti mərhələsinə göndərmək istəmir. Bu mərhələni Moskva iyunun 2-də İstanbulda keçirməyi təklif edib.
"The New York Times" qeyd edir ki, Kiyevin məqsədi ilk olaraq atəşkəsin əldə olunması, daha sonra isə geniş sülh razılaşması üzrə danışıqlara keçməkdir. Lakin Rusiya atəşkəsə maraq göstərmir və əvəzində danışıqların "müharibənin köklü səbəblərinə" yönəldilməsini istəyir. Bu termin Kremldə NATO-nun şərqə genişlənməməsi kimi tələbləri əhatə edən, Ukrayna və müttəfiqlərinin isə "ölkənin itaət altına alınması cəhdi" kimi qiymətləndirdiyi tezisləri əhatə edir.
Rusiyanın sülh memorandumu - son vəziyyət
Xatırladaq ki, mayın 29-da axşam müraciətində Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən vəd edilən memorandumun hələ də təqdim olunmadığını vurğulayıb. Onun sözlərinə görə, Moskva müharibəni uzatmaq və beynəlxalq vasitəçilik cəhdlərini boşa çıxarmaq üçün bu prosesi bilərəkdən ləngidir.
"Moskva ilə sözlə anlaşmaq mümkün deyil. Hətta vəd etdikləri və guya bir həftədən çoxdur hazırladıqları memorandum da ortada yoxdur. Nə Ukraynaya, nə tərəfdaşlarımıza, nə də danışıqların ilk mərhələsinə ev sahibliyi edən Türkiyəyə təqdim olunub", - Zelenski bəyan edib.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy Rusiyanın niyə sülh memorandumu təqdim etməkdən yayınmasının səbəbini izah edib. Onun sözlərinə görə, bu, sənəddə yer alan qeyri-real ultimatumlarla bağlıdır. Əgər belə deyilsə, Tixiyin fikrincə, Rusiya dərhal sənədi təqdim etməlidir. O, qeyd edib: "Onlar bu oyunlara son qoymalıdır, çünki bu, yalnız növbəti görüşün də nəticəsiz qalmasını istədiklərini sübut edir".