AZ

Rusiya sülhdən imtina edərsə, nəticələri olacaq - ABŞ

BAKI, TurkicWorld

“Müharibənin hərbi həlli yoxdur – əlavə sanksiyalar gündəmdədir.”

TurkicWorld xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Con Kelli Rusiya-Ukrayna müharibəsinin yalnız diplomatik yollarla həll edilə biləcəyini bəyan edərək, Kremlə sülhə razılaşma çağırışı edib.

O bildirib ki, əgər Rusiya müharibəni davam etdirməyə qərar verərsə, əlavə sanksiyaların tətbiqi gündəmdə olacaq.

BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında çıxış edən Kelli hazırda masada olan sülh razılaşmasının Rusiya üçün ən uyğun nəticə olduğunu vurğulayıb. “Münaqişənin hərbi həlli yoxdur. Müharibənin davam etməsi heç kimin xeyrinə deyil. Əgər Rusiya bu fürsətdən istifadə etməzsə, daha sərt tədbirlərlə üzləşə bilər”m- deyə o qeyd edib.

Kelli həmçinin ABŞ-ın Rusiya ilə sülh və iqtisadi əməkdaşlıq istədiyini, lakin bunun baş tutmaması halında sanksiyaların açıq qaldığını bildirib.

Rusiya nümayəndəsi Vasili Nebenzia isə iclasda çıxışı zamanı Qərb ölkələrinin Təhlükəsizlik Şurasının vaxtını boşuna sərf etdiyini və Avropa İttifaqı üzvü olan nümayəndə heyətlərinin şura iclaslarını Rusiyanı ittiham etmək üçün istifadə etdiyini bildirib.

O, Ukrayna tərəfini sülh prosesini uzatmaqda və müharibədən siyasi qazanc əldə etməkdə ittiham edib. Nebenzia ABŞ-ın da mövqeyində dəyişikliklərin olduğunu və Kiyevdəki rejimə qarşı tənqidi yanaşmaların artdığını söyləyib.

Ukraynanın BMT-dəki nümayəndəsinin müavini Xristina Hayovyshyn isə Ukraynanın sülh danışıqlarına açıq olduğunu, lakin Rusiyanın bu prosesə səmimi yanaşmadığını bildirib.

Hayovyshyn, Ukrayna prezidentinin İstanbulda keçirilən görüşlərə qatıldığını, lakin Rusiya tərəfinin eyni şəxsləri göndərərək 2022-ci il formatını təkrar etdiyini deyib və bu yanaşmanın danışıqları mənasız mərhələyə çevirdiyini qeyd edib. O, 30 günlük qeyd-şərtsiz atəşkəs tələbinin danışıqlar üçün ilkin şərt olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında sülh danışıqları son aylarda yenidən gündəmə gəlsə də, tərəflər arasında fundamental fikir ayrılıqları davam edir.

Seçilən
102
50
turkic.world

10Mənbələr