"Əgər Rusiya bu fəlakətli müharibəni davam etdirmək kimi yanlış qərar versə, Vaşinqton Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər..."
Vaşinqtonun hazırda təklif etdiyi razılaşma Rusiya üçün mümkün olan ən yaxşı nəticədir və Rusiya diktatoru Vladimir Putin onu qəbul etməlidir.
Moderator.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki səfirinin müavini vəzifələrini icra edən Con Kelli bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.
O, bəyan edib ki, ABŞ Rusiyanın quruda, havada, dənizdə və həyati əhəmiyyətli infrastruktur obyektlərində hərtərəfli 30 günlük atəşkəsə razı olmasını istəyir. "Biz Rusiya ilə, o cümlədən bu sülh təşəbbüsü və iqtisadi paket üzrə işləmək istəyirik. Bu münaqişənin hərbi həlli yoxdur", - Kelli vurğulayıb.
"Hazırda təklif edilən razılaşma Rusiya üçün ən yaxşı mümkün nəticədir. Putin bu razılaşmanı qəbul etməlidir", - ABŞ rəsmisi israr edib. Kelli əlavə edib ki, ABŞ-ın ilk addımı dərhal, qeyd-şərtsiz və hərtərəfli atəşkəs təklifi olub. Ukrayna bu təklifi qəbul edib, lakin Rusiya rədd edib. "O vaxtdan bəri biz Rusiyanı atəşkəsə razı olmağa çağırırıq", - Kelli bildirib.
Əgər Rusiya bu fəlakətli müharibəni davam etdirmək kimi yanlış qərar versə, ABŞ müharibənin dayandırılması üzrə danışıqlardan imtina etmək ehtimalını nəzərdən keçirməyə məcbur olacaq", - o, xəbərdarlıq edib və əlavə edib ki, Vaşinqton Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.
Kellinin sözlərinə görə, keçən həftə Tramp və Putin arasında baş tutan telefon danışığından sonra ABŞ Rusiyadan atəşkəsə dair öz baxışını əks etdirən şərtlərin siyahısını gözləyir:
"Biz Rusiyanın bu müharibəni bitirmək niyyətinin ciddiliyini təkcə həmin şərtlərin məzmununa görə deyil, daha önəmlisi, Rusiyanın əməllərinə görə qiymətləndirəcəyik". Kelli Rusiyanın Ukraynaya qarşı son hücumlarını pisləyib və bunun "sülhə can atmaq" anlamına gəlmədiyini bildirib.