Vətəninfo.az xəbər verir ki, Əli Mömini adlı iranlı müxbir “X” hesabında ölkədə indi də mobil telefonlara nəzarət edən polisin fəaliyyətə başladığını bildirərək yazıb:
“Dünən gecə Tehranın Yusifabad məhəlləsindəki parklardan birində dünyanın ən zərərsiz insanları olaraq iki dostumla birlikdə gəzərkən, maskalı, üzü qara parça ilə örtülü, əllərində rabitə cihazı olan 5-6 nəfər üzərimizdə axtarış aparıb, bizdən ötən il sentyabrın 16-dan bəri siyasi məzmunlu post paylaşıb-paylaşmadığımızı soruşdular. Sonra da “İnstagram” arxivimizi yoxladılar.
Biz onlara dedik ki, buna hüquqları yoxdur, ancaq Ədliyyə orqanının əməkdaşları olduqlarını və bizim telefonlarımıza baxa biləcəklərini bildirdilər. Daha sonra biz polisə zəng vurmaq istədikdə getdilər. Polisdən isə bildirildi ki, onlar “Bəsic” (hökumətə yaxın radikal və könüllü silahlı birləşmə) üzvləridir və polisə tabe deyillər. Kompüter cinayətkarlığı haqqında qanuna görə, bu, tamamilə qanunsuzdur”, -o, əlavə edib.