PSJ-nin fransız sabiq yarımmüdafiəçisi Jerom Roten karyerasında 8-ci “Qızıl top”u qazanmış argentinalı ulduz Lionel Messi haqqında danışıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən Rotenin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Bu, biabırçılıqdır! Əlbəttə, ayıbdır! Haland mükafatı qazanmalı idi. Hansı meyarlara əsasən Messinin 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər ən yaxşısı olduğu qənaətinə gəliblər? Mən onun dünyada bir nömrəli olmasına dair heç bir statistika tapa bilmirəm.
Əgər nailiyyətlərdən danışırıqsa, o, 2022-ci il Dünya Kubokunu qazanmasına rəğmən, Halanddan geri qalır. Haland “Mançester Siti” ilə mümkün olan bütün kubokları qazandı. Erlinq norveçlidir, dünya çempionatını qazana bilməyib.
Haland bütün rekordları qırdı. O, hər şeyi qazandı və mövsüm ərzində 60-dan çox qol vurdu. Messi və Ronaldo bunu edəndə, onları təbii olaraq ən yaxşı seçirdilər. Amma indi Messi klubda cəmi 20, Ronaldo isə 60 qol vurub. Hələ mənə də deyirlər ki, “Qızıl top” inam yaratmalıdır? Artıq ona heç bir etimad qalmayıb!”, deyə Jerom Roten təəssüflə bildirib.
Xatırladaq ki, ötən il Lionel Messi Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olmuşdu. Leo mundialda 7 oyun keçirib, 2-si finalda olmaqla, 7 qola vurub və 3 məhsuldar ötürmə verib.
Erlinq Haland isə 2022/2023 mövsümündə “Mançester Siti”nin tarixi uğurunda müstəsna xidmətlər göstərib. Norveçli qolçu “şəhərlilər”in İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atdığı mövsümdə 36 qolla Premyer Liqanın, 12 qolla Çempionlar Liqasının ən sərrast futboçusu olub. Haland həmçinin mövsmün ən məhsuldar qolçusuna təqdim edilən “Qızıl buts”u qazanıb. Norveçli qolçu 2023/2023 mövsümünü 53 oyunda 52 qol vurmaqla möhtəşəm nəticə ilə başa vurub.