RU

Uşaq poeziyasında layla-şeirlər

İlhamə AĞAZADƏ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Uşaq ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

Uşaq poeziyasında rəngarəng folk­lor mövzularından, xalq poeziyasının müxtəlif şəkillərindən is­ti­fadə hər zaman olmuş, poetik forma və məzmun mükəmməl­li­yi bu əsərlərin yaşarlığını təmin etmişdir. Lay­lalar - beşik mahnıları bu nümunələrin çox yayılmış bir növü hesab olu­nur. Folklorşünaslıqda körpəsinin beşiyi başında özünəməxsus avaz­la layla çalan ana və nənələri bu nəğmələrin ilk yaradıcısı və bəstəçisi hesab edirlər. Hüseyn Arif “Analar” şeirində bu fikri belə poetikləşdirib:

 

Elə ki, balalar gəlir dünyaya,

O gün­dən hey ölçüb biçir analar.

Mahnı da oxuyur, şeir də deyir,

Bəs­təkar analar, şair analar.

 

Aparılan tədqiqatlardan da belə aydınlaşır ki, ilk yaş­larda hər bir körpənin tərbiyəsində iki mühüm amil əvəzsiz rol oy­nayır: körpəni beşikdə yırğalamaq, ona beşiyin ahənginə uyğun avaz­la layla oxumaq.

 

Laylay balam, gül balam,

Gül balam, bülbül balam,

Mən sevindim səninlə,

Sən də sevin, gül balam.

 

Hər bir ana sevgisini övladına bir cür bil­di­rir. Hər layla öz is­tiqamətini bir mənbədən götürür. Gözəl səslə, bö­yük mə­həb­bət­lə oxunan belə sözlər uşaqda ən ülvi hisslər ya­ra­dır. Bu mah­nı­lar­da övlada məhəbbət, onun yolunda çəkilən zəhmət, gələcəyinə bəs­lənən ümidlər, xalq həyatı və məişəti, anaların dün­yagörüşü, uşaq­lara təlqin etdikləri nəcib əxlaqi sifətlər və s. öz əksini tapır. Elmi qənaətlər, həm də çoxəsrlik təcrübə sübut edir ki, bu cür nəğmələrin analar tərəfindən oxunması çox vacibdir. Azərbaycan uşaq poeziyasına nəzər ye­tirdiyimiz zaman aydın olur ki, beşik mahnıları-laylalar əksər qə­ləm sahiblərinin, uşaq yazarlarının qəlbini riqqətə gətirmiş, bu­nun da nəticəsində çoxlu gözəl layla-şeirlər meydana gəlmişdir. Zahid Xəlil yazır: “Laylalar хalqın lirik nəğmələrinin bir növ sərbəst şəklidir. Burada digər janrlara хas olan məhdudiyyət yoxdur. Laylaların bir sıra хüsuiyyətləri ya­zılı ədəbiyyatımıza da keçmişdir. Layla janrı bir sıra şairlərin ya­radıcılığında müəyyən yer tutmuş, yazılı uşaq poeziyasında ma­raqlı bir inkişaf yolu keçmişdir”.

XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan ziyalıları dərs­liklərdə uşaqların yaşına, ruhuna uyğun, onların anlaya bi­lə­cə­yi milli dildə əsərlər yaratmaqdan ötrü bütün qüvvələrini sə­fər­bər etmişdilər. Həmin dönəmlərdə də folklordan, onun müxtəlif növ və janrlarından geniş is­ti­fa­də olunurdu. Əsərlərin əksəriyyətində, o cümlədən də o dövrdə yaranmış layla-şeirlərdə elmə, məktəb və maarifə ça­ğı­rış ruhu üstünlük təşkil edirdi. Bu layla-şeirlərin hamısını ol­ma­sa da, bir qismini uşaq ədəbiyyatının klassik nümunələri saymaq olar. Ötən əsrin əvvəllərində yaranmış uşaq ədəbiyyatımızın çoxsaylı nü­mu­nə­lə­ri içərisində Rəbiənin “Ninni”, Arifənin “Beşikbaşı”, maarifçi Mir Seyfəddin Se­yi­dov Şirvaninin “Ninni mahnısı” (1902)  şeirlərində folklordan gələn ünsürlər nəzərə çarpır. Rəşid bəy Əfəndizadənin (1863-1942) “Ananın lay-lay sə­da­sı”(1912) şeirinində övladın yolunda hər bir məhrumiyyətlərə mə­tanətlə dözən yorğun bir ananın körpəsini yatırarkən onunla bağ­lı gələcək arzularını, ondan bəkləntilərini, layla şəklində qu­la­ğı­na pıçıldadığı xoş sədasını eşidirik. Əli Mirzəyev uşaq poeziyasının folklorla əlaqəsini səciyyələdirərkən belə qənaətə gəlir: ­“Bu şeirlər vəzn, ölçü, forma dil, məzmun və təsvir üsulu cə­hətdən əsl laylalardan ağır və poetik səviyyəcə zəif olsalar da, on­lar uşaq poeziyasında folklor motivlərindən istifadə edilməsi sa­həsində ilk nümunələr kimi əhəmiyyətlidir”.

Azərbaycan uşaq poeziyası, nəsri və dramaturgiyasında özünəməxsus xidmətləri olan Abdulla Şaiqin (1881-1956) yaradıcılığında iki layla-şeirə rast gəlirik. Birincisi 1906-cı, ikincisi 1909-cu ildə yazılmışdır. Şairin ilk mətbu şeiri “Laylay” elmlərə, bilik öyrətməyə yönəliklidir. İkinci layla-şeirdə isə deyilir:

 

Layla, mələgim, körpə balam, sevdiciyim, yat!

Bir də ələ gəlməz  bu uşaqlıq dəmi, heyhat!

Türk oğlusan, əcdadın ulu, şanlı, sərəfsaz,

Doğma vətənindir başı qovqalı bu Qafqaz.

Yat körpə ikən öz beşiyində hələ rahət,

Almış yenə ətraflı duman, fırtına, zülmət.

Bayquşlar ötər, ölkəmin hər guşəsi inlər.

Yum gözlərini, yat, səni oğlum, səhər erkən

Al-telli şəfəqlər öpəcəkdir oyanırkan.

 

Göründüyü kimi, şeirdə “bayquşlar”ın - düşmənlərin əlin­dən inləyən vətən torpağına bir sabah al şəfəqlər saçacağı, ulu, şan­lı əcdada malik türk oğlunun yenə qələbə qazanacağı ümüdü çox güclüdür. Şeir vətəni sevdirməyin, onun şanlı tarixini uşaq­la­ra öyrətməyin gözəl nümunələrindəndir. Bu kiçik parçalar mövzu, məzmun, ideya və bədii key­fiy­yət­lərinə görə çağdaş dövrümüzün kiçik yaşlı oxucuları üçün də ma­raq doğura bilər.

Uşaqlarda musiqiyə, ədəbiyyata həvəs oyadan, onun bədii zöv­qünü oxşayan layla-şeirlərdə valideyn nəvazişi, övlada məhəbbət, onun yolunda çəkilən zəhmət, onların gələcəyinə bəslənən ümid­lər və s. əks olunmuşdur. Uşaq poeziyasını zən­gin­ləş­dirən belə şeir­lər içərisində Süleyman Rüstəmin (1906-1989) “Layla”sı daha çox diqqəti çəkir:

 

Yuxu bilməz gözlərim,

Durmuşam keşiyində.

Mənim ürək sözlərim

Səslənir beşiyində.

Laylay həyatım, laylay,

Qolum, qanadım, laylay.

 

Folklorda olduğu kimi S.Rüstəmin laylası da yeddi hecalı, al­tı misralıdır, son iki misra hər üç bənddə təkrar olunur. Bu lay­la­da ananın böyük sevgisi ilə yanaşı çəkdiyi əziyyətlər də öz əksi­ni tapır. Uşaq hiss edir ki, anası onu çox sevir, bütün əzablara dözür, onun yolunda çəkdiyi çətinlikdən mənəvi zövq alır. Şeir poe­tik strukturuna görə layla janrının elementləri ilə birləşərək uşaq təxəyyülünü zənginləşdirməyə, onlara yüksək estetik zövq aşı­lamağa xidmət edir. Musiqisi Şəfiqə Axundovaya məxsus olan lay­lanı 1959-cu ildə ilk dəfə Fatma Mehrəliyevə ifa etmişdir.

Əhməd Cəmil (1913-1977) 1943-cü ildə qələmə aldığı “Lay­lay” şeirində müharibə illərinin acı-ağrılarını, düşmənə nif­rə­tini ifаdə etmişdir:

 

Yer üzündən silinməsə qan izi,

Gülməyəcək körpələrin gül üzü!

Atan bizə kağız yazmır bir ildir...

Yox, heç belə unutmazdı o bizi!

Laylay, gülüm, gözlərindən öpsün ay;

Laylay, quzum, laylay, a balam, a laylay!

 

Cəbhədən heç bir xəbər almayan ana sabaha inamla baxır, bü­tün ümidini oğlunun gələcək həyatına bağlayır. Burada əsas məq­səd kiçik yaşlı oxucuda humanizm, insanpərvərlik, vətənə sə­da­qət və sevgi motivləri təlqin etməkdən ibarətdir. Təbii ki, uşa­ğın bu cür şeirlərdən aldığı tərbiyə, estetik hiss çox güclü olur, san­ki bu hiss anasının südü və ilk nəğmələri kimi qətrə-qətrə onun qəlbinə dolur.

Rəsul Rzanın (1910-1981) "Beşik nəğməsi" şeirində ana sev­gisi, bədii sözün ahəngdarlığı, folklordan gələn şirinlik uşağın ru­hunu, onun mənəvi aləmini oxşayır, bədii-estetik yaddaşının əsa­sını qoyur:

 

Sən ömrümün gülüsən,

Bağçamın sünbülüsən,

Gül dodağın güləndə,

Neyləyirsən gülü, sən?

Layla gülüm, a layla!

Şirin dilim, a layla.

 

1966-cı ildə kərküklü Əbdül Vahid Kuzəçi oğlu bu şeirə mu­siqi bəstələmiş və ifa etmişdir. Rəsul Rza laylalarımızın yad, ba­ya­ğı sözlərlə, musiqilərlə əvəzləyənlərə qarşı çıxıraq 1959-cu ildə yaz­dığı “Bu gecə yuxu gördüm” şeirində vətandaş harayı qoparır, ana laylasının, ana dilinin unudulmasına etirazını bildirir. Burada şair oxucuya qulaqlarını didən, qəlbini göynədən, sözü, bəstəsi yad olan “laylalardan” qaçmağı, uzaqlaşmağı tövsiyyə edir:

 

Mənə qorxulu bir şey xəbər verirdi

Onun qəm dolu gözləri.

Elə bil soruşurdu:

Oğul!

Hanı mənim laylam, hanı?

Səsim gəldikcə qışqırdım:

Ana!

Yox, yox!

Unutmamışam sənin laylanı.

Hələ də çırpınır qəlbim.

 

Şairin böyük ürək hərarəti ilə dediyi fikirlər uşaqlarda mən­sub olduğu xalqın ruhunu, düşüncəsini, zövqünü formalaşdırmaq məq­sədi daşıyır. Bu misraları oxuyarkən laylanın psixoloji təsir gü­­cünün necə böyük olması bir daha aydın görünür.

Laylanın gözəl bir nümunəsinə də Əli Kərim (1931-1969) po­eziyasında rast gəlinir:

 

Gün də indi yatır ki,

Səhər tez çıxa bilsin.

Gəlib pəncərəmizdən

Körpəmə baxa bilsin.

Gün inciyər, dinmə ha,

Gözlərini yum daha.

Günəşim, canım, laylay!

Körpə şeytanım, laylay!

 

İçdən deyilmiş bu misralar sirli-sehirli uşaq dünyasını ov­sun­layır, sakitləşdirir, onun duyğusuna, düşüncəsinə estetik və əq­­li tərbiyəsinə təsir göstərir. Şirindil Alışanlının vurğuladığı kimi: “Dərin hiss və səmimiyyətdən, təbii və xəlqi dildən məhrum şeir çətin ki, uşaq qəlbinə yol tapa”.  

Uşaq şeirinin əsas xüsusiyyətlərindən olan yığ­cam­lıq Fikrət Qo­canın (1935-2021) xalq yaradıcılğı nümunələrinə yaxın ruhda ya­zıl­mış “Laylay” (Mus. Tofiq Quliyev) şeiri üçün əsas cəhət kimi diq­qəti çəkir:

 

Laylay, ulduzlar baxır,

Çaylar yuxudur, axır,

Yarpaqların yuxusu

Pıçıltı olub yağır.

Laylay, gülüm, a laylay,

Elim-günüm, a laylay.

 

Laylaların poe­tik im­kanlarından səmərəli istifadə edən F.Qocanın təbiət təs­vir­lə­­ri uşaq­ların qəlbində dərin iz buraxa bilər. Müəllifin əsas məqsədi uşaqlara təbiətin sirrini onların ba­şa dü­­şəcəyi şəkildə öyrətmək, onu sevdirməkdir.

Hər bir uşa­ğa sevildiyini hiss etdirmək onu xoşbəxt edə bilər. Bu mühüm cəhət Xalq şairi Mirvаrid Dilbаzinin (1912-2001) lаylа jаnrındа yazılmış ürək oxşayan şeirləri üçün də xarakterikdir:

 

Yat ömrümün çiçəyi

Gecə keçdi, Ay batdı.

Sən hələ də oyaqsan.

Yat, canım, gözüm, layla

Qurbanın özüm, layla!

 

Şairə xalq ya­ra­dı­cı­lı­ğın­dan gələn şirinliyi, axıcılığı qoruyub saxlamağa çalışmış, sadə, psi­xo­loji təsir gücü böyük olan laylalar ərsəyə gətirmişdir. Layla-şeir­lər­də balacalara gözəl hiss­lər, yük­sək əməllər, böyük arzular aşı­la­nmış, tərbiyə məsələlərinə böyük önəm veril­mişdir.

Uşaq ədəbiyyatında böyük xidmətləri olan Teymur Elçin (1924-1992) gecələri oyaq qalıb balasına layla deyən “ana”lara sil­si­lə şeirlər həsr etmişdir. “Analar və laylalar” adlanan bu əsər  “Del­finin laylası”, “Turacın laylası”, “Canavarın laylası”, “Qur­ba­ğanın laylası” kimi bölgülərdən ibarətdir. Ana ceyran körpə ahu­ya, turac cücələrinə, canavar, kirpilər, qurbağalar, qurdlar, quş­lar hər biri balasına öz “dil”ində laylasını deyir. Hər layla onu səsləndirən “ana”nın xislətinə uyğun qurulur. Burada laylay janrı bir qədər də fərqli şəkildə, yeni formada  təzahür edir. Lay­la­lar­la nağılların sintezindən ibarət bu şeirlərdə söz və ifadələr məq­sədə uyğun şəkildə seçilmişdir. Ritmə, intonasiyaya uyğun ola­raq şair şeirin  daha çox sərbəst formasından istifadə etmişdir:

 

- Bəs mənim laylam, ana?!

- Öz laylan var sənin də.

Çaylar dolu su gəlsin.

Elin arzusu gəlsin.

Layla dedim balama,

Yatsın, yuxusu gəlsin.

Yat, dincəl, balam.

A dəcəl balam.

 

Bu laylalar uşaqların ruhuna, zövqünə uyğun olmaqdan əla­və, həm onları əyləndirir, həm də bir insan kimi mənəvi tər­bi­yəsini təmin edir.

M.Gülgün, M.Seyidzadə, Z.Cabbarzadə, İ.Tap­dıq və s. şairlərin də laylalardan qaynaqlanmış bədii incilərini misal göstərə bi­lərik ki, bunlarda da valideyn məhəbbəti bədii sözün ahəngdarlığı ilə birləşib, uşağın ruhunu ox­şa­yır, onun mənəvi dünyasını zənginləşdirir, estetik yad­da­şı­nın formalaşmasında mühüm rol oynayır. Müəlliflərin oğlum, qı­zım deyə mürəciəti layla-şeirlərdə bütün uşaqlara ünvanlanıb, on­lar hər bir uşağı öz övladı kimi sevir, xoşbəxt, bəx­tiyar olmasını arzu­layırlar.

Ədə­biyyatımızda layla-elegiyalar da var ki, “müxtəlif ədəbi-bə­dii gecələrdə, anım mərasimlərində ifa olunur, qəhrəmanların şə­rəfinə və yaxud bir elin, yurdun tarixi faciəsi ilə bağlı olaraq ya­radılır”. 20 Yanvar və Qarabağ şəhidlərinə, Xocalı soy­qırımına həsr olunmuş layla-elegiya nümunələri bu qə­bi­l­dən­dir. Xocalı dəhşətlərinin əks olunduğu “Layla, Xocalım layla” ele­giyasında laylalarda olduğu kimi əzizləmə mənası olsa da, bu­ra­da daha çox kədər, dərd ünsürləri əsas yer alır. Xalqımızın qəl­bi­nə vurulmuş vətən dərdi, övlad acısının təzahürü layla-ele­gi­ya­da bir qədər də üsyankarcasına verilmişdir:

 

Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla, Xocalım layla.

 

Şəhərə layla deməklə böyük bir yurdun faciəsini, kədərini əks etdirən Xalq şairi Zəlimxan Yaqub insanla yer arasında əlaqə ya­radır, şəhəri şəxsləşdirir, bütün bu keyfiyyətlər şeirin bədii təsir gü­cünü, emosionallığını daha da artırır.

Xalq şairi Fikrət Qocanın ana haqqında yazdığı “Laylay”ı lay­la-eligiyanın təsirli nümunələrindəndir. Bu layla-eligiyayaya həzin bir müsiqi bəstələmiş Sevil Əliyeva onu anası akademik Zə­rifə xanım Əliyevanın xatirəsinə ithaf etmiş, dünya şöhrətli Müs­lüm Maqomayev isə təkrarsız ifası ilə yaddaşlarda həmişəlik iz qoymuşdur:

 

Ömrüm, günüm, özüm sənsən, ana...

Laylay dedin ana, laylay dedin mənə,

Həyat verdin mənə, əziz ana.

Laylan hələ yaşar, laylan ellər aşar,

Günəş kimi yana-yana, ana...

 

Laylanın Azərbaycan uşaq poeziyasındakı inkişaf yo­lu­nu, bəzi xarakterik cəhətlərini gözdən keçirdiyimiz zaman aydın oldu ki, burada forma əsas deyil, əsas olan laylanın daşıdığı poetik yükdür, uşaq və gənc­lərin həyatına işıq tuta biləcək dəyərli fikirlərdir, anaya, ana di­linə, vətənə, doğma yurda bağlılıq hissidir. Uşağın eşitdiyi hə­yat həqiqətləri onun gələcək tərbiyəsi üçün təməl qoyur.























Bizi Facebookda izləyin

Избранный
192
525.az

1Источники