RU

Yanğınlar niyə baş verir? — Obyekt sahiblərinin səriştəsizliyi...

Son zamanlar tez-tez paytaxt ərazisində və rayonlarda yanğınların şahidi oluruq. Ard-arda baş verən yanğın-partlayış hadisələri yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması məsələsini gündəmə gətirir. 
 
Buna isə obyekt sahibləri və işçilərinin yanğınla bağlı peşəkarsızlığı səbəb olur. Görünən odur ki, hələ də istirahət mərkəzləri və iaşə obyektlərində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aradan qalxmayıb. Nəticədə insan tələfatına səbəb olan hadisələr baş verir.

Bəs, bu yanğınların başlanmasına yol açan nədir və onlarla necə mübarizə apara bilərik?



Məsələ ilə bağlı Demokrat.az-a  açıqlama verən təhlükəsizlik üzrə ekspert  Elmar Nurəliyev bildirib ki, təyinatından asılı olmayaraq bütün obyektlər yanğın təhlükəsizlik haqqında qaydalara, tələblərə və  standartlara əməl etməlidir:


"Eyni zamanda obyekt ilkin yanğınsöndürmə vasitələri, yanğın dolabları və hidrotexniki vasitələri, yanğın siqnalizasiya xəbərləri ilə təmin edilməlidir. Bütün işçilərin yanğın təhlükəsizliyinə dair olan bilik və bacarıqlarının  formalaşmasını obyekti işlədən şəxslər  həyata keçirməlidir. Obyektdə yanğın təhlükəsizliyinə dair rejim yaradılmalı və işçilərə bununla bağlı məlumatlar verilməlidir.  Bu sənaye müəssisələri, istirahət mərkəzləri, turizm sahələri, fabrik və  zavod kimi bütün təyinatlı obyektlərə aiddir. Əlbəttə, burada tədbirlər ilkin olaraq obyektlərdə yanğın baş verməsin deyə görülür. Bu zaman  yanğın təhlükəsizlik rejiminə görə partlama və alışma qabiliyyəti  yüksək riskli olan maddələr, məhsullar və  avadanlıqlarla necə rəftar edilməli olduğu işçilərə öyrədilir. Daha sonra obyektdə yanğın hadisəsi baş verən zaman hansı addımların atılması işçilərə başa salınır. Obyektin ilkin yanğınsöndürmə vasitələrinin olması yanğın baş verdikdən sonra onun qarşısını almaq üçün böyük rola malikdir. Ona görə də kompleks şəkildə görülən tədbirlər planına diqqət etmək lazımdır".

Ekspert onu da qeyd edib ki, baş verən yanğınlara nəzər yetirən zaman görərik ki, elektrik və qısaqapanmalar sayəsində olan yanğınlar daha çoxdur:

" İstər obyektlərdə, istərsə də yaşayış evlərində elektrik təchizatı saz vəziyyətdə olmalıdır. Elektrik təchizatı və elektrikin yük götürmə qabiliyyəti obyektdə istismar olunan qurğuların yük götürmə qabiliyyətinə uyğun olmalıdır. Eyni zamanda elektrik təsərrüfatına daim baxış keçirilməlidir. Elektrik xətlərində yüklənmə olan zaman qızma, alışma, qısaqapanmanın olmasını nəzərə almaq lazımdır. Yanğın hadisələrindən yüz faiz sığortalanmaq olmaz. Buna görə də  sadəcə olaraq önləyici tədbirlər görərək yanğından yaxa qurtarmaq olar".

Şahanə Ziyad
Demokrat.az
Избранный
263
50
demokrat.az

10Источники