“Əl-Nəsr”in dietoloqu Xose Bleza komandanın veteran ulduzu, portuqal hücumçu Kristiano Ronaldonun öz bədəninə münasibətindən danışıb.
Arena.az “Relevo” dərgisinə istinadən, Blezanın müvafiq xüsusda fikirlərini təqdim edir:
“Onun bədəninə qayğısı və iddiaları 16 yaşında olduğu kimidir. O, futbolçunun öz bədəninə necə qulluq etməli olduğu baxımından, bütün digər oyunçulara nümunədir.
Yerli oyunçuların onlara nizam-intizam öyrədəcək idman məktəbi yox idi. Amma biz bunu tədricən onlara aşılayırıq. Kristiano kimi Avropadan gəlmiş və bütün qaydalara riayət edən, o cümlədən onların pəhrizinə riayət edən futbolçular da eyni şeyi edirlər”, deyə mütəxəssis bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı portuqal veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.