RU

Portuqaliyada qatarların hərəkəti və uçuşlar dayandırılıb, məktəblər bağlanıb

Bakı, 3 iyun, AZƏRTAC

Altı ayda ikinci ümumi tətil çərşənbə günü Portuqaliyadakı müəssisələrin işinə mane olub. Bu ölkədə qatarların hərəkəti dayandırılıb, yüzlərlə uçuş ləğv edilib və məktəblər bağlanıb.

AZƏRTAC xəbər verir ki, Portuqaliya hökuməti əmək məcəlləsinin 100-dən çox maddəsinə məhsuldarlığı artırmaq və iqtisadi artımı stimullaşdırmaq məqsədi ilə dəyişikliklər təklif edən ifrat sağçı Çeqa partiyası tərəfindən dəstəklənən qanun layihəsini qəbul etmək niyyətindədir.

Ümumi tətili təşkil edən Portuqaliyanın ən böyük həmkarlar ittifaqı olan CGTP-nin rəhbəri Tiaqo Oliveyra “Reuters” agentliyinə bildirib ki, qeyri-sabit məşğulluğu möhkəmləndirən, iş saatları qaydalarını ləğv edən, işdən çıxarma qaydalarını yumşaldan, tətil hüququnu və valideyn müdafiəsini məhdudlaşdıran islahat iş şəraitini daha da pisləşdirəcək.

Bu, gənc işçiləri “ömürlük qeyri-sabit müqavilələrin girovuna” çevirə, onları mövcud standart 40 saat əvəzinə həftədə 50 saat əlavə ödənişsiz işləməyə məcbur edə və bu kateqoriyadan olan insanları işdən çıxarmağı və daha ucuz, idxal olunmuş işçi qüvvəsi ilə əvəz etməyi asanlaşdıra bilər.

Ölkə üzrə məktəblər işçi çatışmazlığı səbəbindən bağlanıb, habelə tibb bacılarının tətilindən sonra xəstəxanalar əksər əməliyyatları və müayinələri təxirə salıb.

Portuqaliyanın milli aviaşirkəti TAP çərşənbə günü adi gündəlik 300-dən çox uçuşdan yalnız 79-nu yerinə yetirəcəyini, “Iberia” isə 50-75 faiz azalma gözlədiyini bildirib.

İslahat üzrlü səbəbdən işdən çıxarılma prosedurunu sadələşdirir, şirkətlərə qanunsuz işdən çıxarılma hallarında işçilərin kompensasiya şərti ilə işə bərpa olunmasından imtina etmək hüququ verir və autsorsinqə qoyulan məhdudiyyətləri aradan qaldırır.

Bundan əvvəl, dekabrın ilk günlərində keçirilən tətil 2013-cü ildəki qənaət rejimi əleyhinə etirazlardan bəri müəssisələrin ilk ümumi bağlanması olmuşdu.

Избранный
13
1
azertag.az

2Источники