RU

Razi Nurullayev: “Subsidiyaların səmərəsiz istifadəsi və hətta sui-istifadə halları ilə bağlı iddialar mövcuddur”

“Kənd təsərrüfatına ayrılan subsidiyalar dövlətin aqrar sahəyə verdiyi ciddi dəstəyin göstəricisidir və ümumilikdə sektorun inkişafında mühüm rol oynayır. Bu mexanizm fermerlərin xərclərinin azaldılması, istehsalın stimullaşdırılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyib.

 

Deputatın sözlərinə görə, eyni zamanda, subsidiyaların təsnifləşdirilməsi, sadələşdirilməsi və daha çevik tətbiqi də vacibdir: “Onların coğrafi yerləşmə, torpaq keyfiyyəti, iqlim şəraiti və istehsal istiqamətinə uyğun differensial şəkildə verilməsi daha düzgün və effektiv nəticələrə gətirib çıxara bilər. Bununla belə, etiraf etməliyik ki, bəzi hallarda subsidiyaların səmərəsiz istifadəsi və hətta sui-istifadə halları ilə bağlı iddialar mövcuddur. Bu cür hallar həm dövlət vəsaitinin effektivliyini aşağı salır, həm də həqiqətən işləyən və istehsal edən fermerlərin maraqlarına zərbə vurur. Nəticədə isə ayrılan böyük maliyyə resurslarına baxmayaraq, gözlənilən nəticələr tam şəkildə əldə olunmur və bu da haqlı olaraq narazılıq yaradır”.

 

R.Nurullayev vurğulayıb ki, burada əsas məsələ subsidiya siyasətinin özü deyil, onun icrasına nəzarət mexanizmləridir: “Daha şəffaf, rəqəmsallaşdırılmış və nəticəyönümlü nəzarət sisteminin qurulmasına ciddi ehtiyac var. Subsidiyalar real istehsal, məhsuldarlıq və konkret nəticələrlə daha sıx əlaqələndirilməlidir. Bu istiqamətdə islahatların dərinləşdirilməsi və nəzarətin gücləndirilməsi həm vəsaitlərin səmərəliliyini artırar, həm də aqrar sahədə real inkişafı təmin edə bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 3 İyun 2026, 14:09   
Избранный
25
pravda.az

1Источники