“Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən, sanki, düşünmürlər, özləri-özlərini pis vəziyyətə salırlar”.
Pravda.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərov bildirib.
İqtisadçı ADY rəhbəri Rövşən Rüstəmovun səsləndirdiyi “BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil" açıqlamasını qəribə adlandırıb: “Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu, Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə bu vacib logistik marşrut açıldı. Bu lahiyə elan olunanda heç bir xarici bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar. Onların mənasız bəhanələri o idi ki, guya bu layihə Ermənistanın izolyasiyasını artırır. Bu gün reallıq odur ki, layihə çalışır, tələbat var, “Orta Dəhliz” dünya logistika xəritəsində öz yerini tutur, hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır. Bura qədər hər şey yaxşıdır, Azərbaycanın strateji doğru qərar alma qabiliyyətini, dövlət ağlını göstərir. ADY rəhbəri Rövşən Rüstəmov, bəyan edib ki, sitat: “BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil”. Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdursa, olsun! Sizin işiniz də elə plan tərtib edib ölkələr arası münasibətləri intensivləşdirmək deyilmi? Gürcüstan tərəfi razı, Türkiyə tərəfi bu işdə marağını ifadə edibsə, planı bircə ADY qura bilmir, ya qurmayıblar? Nə mane olur ki, bu planı düşünüb, həyata keçirməyə? BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresinə” çevirmək olar, hətta Orta Asiya Respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq mümkündür”.