Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Britaniyanın BP və İsrailin "NewMed Energy" şirkətlərindən ibarət konsorsium hələ ki, İsrailin Aralıq dənizi şelfində heç bir iş aparmır.
Bunu "Far.Az"un sualına cavab olaraq BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel jurnalistlərə bildirib.
"SOCAR və "NewMed Energy" ilə tərəfdaşlıq çərçivəsində İsrailin müstəsna iqtisadi zonasında, I Zonada işlərin aparılması üçün lisenziyalar mövcuddur. Lakin hazırda bu layihə çərçivəsində heç bir fəaliyyət yoxdur", - Q.Birrel deyib və əlavə edib ki, bu, Yaxın Şərqdəki geosiyasi vəziyyətlə bağlıdır.
Qeyd edək ki, I Zonada işlərə başlamaq üçün SOCAR, BP və "NewMed Energy" şirkətləri 2025-ci il dekabrın 22-si lisenziya sahələrindəki işlər çərçivəsində tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən Birgə fəaliyyət haqqında Saziş imzalayıblar.