İran tərəfi bildirib ki, Hörmüz boğazına nəzarət dəyişməyib, hərbi hazırlıq isə daha da güclənib...
İslam İnqilabı Keşikçiləri Korpusu nümayəndəsi ABŞ-nin İranın hərbi imkanlarının zəiflədiyi barədə bəyanatlarını yalan adlandırıb.
Poliqon xəbər verir ki, bu barədə məlumatı Fars Xəbər Agentliyi yayıb.
SEPAH nümayəndəsinin sözlərinə görə, bu müddət ərzində ölkənin döyüş qabiliyyəti heç vaxt azalmayıb və Vaşinqtonun irəli sürdüyü iddialar reallığı əks etdirmir.
“Bu müddət ərzində ölkənin döyüş qabiliyyəti bir dəfə də olsun azalmayıb. İrəli sürülən iddiaların əksinə olaraq, nə İranın hərbi-dəniz qüvvələri məhv edilib, nə də ölkənin əməliyyat imkanları zəifləyib”, — deyə o bildirib.
SEPAH nümayəndəsi qeyd edib ki, bunun əsas sübutlarından biri ABŞ-nin quru, dəniz və hava qüvvələrinin geniş imkanlarından istifadə etməsinə baxmayaraq, İranı hətta bir neçə dəqiqəlik də olsa, Hörmüz boğazı üzərində nəzarətdən məhrum edə bilməməsidir.
“Ən yaxşı sübut budur ki, ABŞ quru, dəniz və hava məkanında geniş imkanlarından istifadə etsə də, Hörmüz boğazını hətta bir neçə dəqiqəlik İranın nəzarətindən çıxara bilməyib”, — deyə SEPAH rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, atəşkəs dövründə İranın hərbi və əməliyyat imkanları daha da genişlənib, yaranmış şərait döyüş qabiliyyətinin artırılması, hazırlıq səviyyəsinin möhkəmləndirilməsi və zədələrin aradan qaldırılması üçün istifadə olunub.
“Hazırda silahlı qüvvələrimiz əvvəlkindən daha yaxşı vəziyyətdədir”, deyə o əlavə edib.
SEPAH nümayəndəsi həmçinin bildirib ki, İranın Hörmüz boğazı üzərində tam nəzarəti qorunub saxlanılır və heç vaxt zəifləməyib.
“Hörmüz boğazının idarə olunması İslam İnqilabı Keşikçiləri Korpusunun qüdrətinin simvollarından biridir”, deyə o vurğulayıb.
Poliqon.info