RU

Türkiyəyə qatar reysləri başlayır?-ADY Bakı–Tbilisi–Qars xətti ilə bağlı açıqlama verdi

Bu gün regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti istifadəyə veriləcək.

Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Sosial şəbəkədə Türkiyyəyə sərnişin qatarının da işləyəcəyi ilə bağlı xəbərlər yayılır.

Məsələ ilə bağlı Azpost.info  “Azərbaycan Dəmir Yolları” QSC-na sorğu ünvanlayıb.

ADY-dən verilən açıqlamada deyilir ki, Bakı–Tbilisi–Qars xətti beynəlxalq yükdaşımalar üzrə mühüm marşrutlardan biridir. Hazırda bu istiqamətdə yük əməliyyatları həyata keçirilir.

“Hazırda Bakı–Tbilisi–Qars istiqaməti üzrə sərnişin daşımaları nəzərdə tutulmur”-deyə ADY-dən bildirilib.

Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

 

AzPost.az

Избранный
15
49
azpost.info

10Источники