“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç futbol üzrə Monteneqro milli komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Monteneqro millisi ötən gecə yoxlama oyunu keçirib.
Sözügedən komanda səfərdə Bolqarıstanla üz-üzə gəlib. Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə ehtiyat oyunçular skamyasından başlamış 31 yaşlı futbolçu 59-cu dəqiqədə Miloş Brnoviçin əvəzinə meydana buraxılıb. Yankoviç oyuna qoşulduqdan 9 dəqiqə sonra məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun dəqiq ötürməsindən sonra Balsa Sekuliç topu tora qovuşdurub. Bu, matçda vurulan yeganə qol olub. Bununla da, görüş Monteneqro yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Monteneqro millisi növbəti yoxlama matçını iyunun 5-də səfərdə Slovakiya yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 171 oyun keçirib, 13 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 60 oyuna çıxıb, 1 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
