“Mançester Yunayted”in qapıçısı Senne Lammens İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı transferi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı belçikalı qolkiper ötən il 21 milyon avro qarşılığında Belçikanın “Antverpen” klubundan “Mançester Yunayted”ə keçib. Lammens yeni komandasında debütünü yalnız Premyer Liqanın 7-ci turunda, doğma meydanda “Sanderlend”ə qarşı keçirdikləri matçda reallaşdırıb. Belçikalı qolkiper geridə qalmış 20025/2026-cı illər mövsümündə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 33 matça çıxıb. Bu oyunlarda komanda 18 qələbə qazanıb, 10 heç-heçə və 4 məğlubiyyətlə üzləşib.
Lammens mövsüm boyu qapısına yönəlmiş zərbələr zamanı 79 qurtarış edib, 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, 33 oyunda 41 qola üzülüb.
Lammensin “qırmızı şeytanlar”la 2030-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Senne Lammens “Brügge”nin yetirməsidir. “Antverpen”də də oynamış qapıç Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyindikdən sonra 2025-ci ildə əsas millidə debüt edib. O, millinin heyətində meydana çıxdığı 2 matçda 2 qol buraxıb, 1 matçda qapısını toxubulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
