RU

Zamiq Əliyev 2-ci dəfə Albaniya çempionu oldu! – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev “Eqnatiya” komandasının heyətində 2-ci dəfə Albaniya çempionu olub.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün final mərhələsinin sonuncu oyununda Tirana “Dinamo”su ilə qarşılaşıb.

“Eqnatiya” neytral meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:0. Əliyev görüşə start heyətdə başlasa da, fasilədə əvəzlənib. Komandası hər iki qolu elə ilk hissədə vurub.

Qeyd edək ki, Albaniya çempionatının final mərhələsində mövsümün əsas hissəsini ilk dörd pillədə başa vurmuş komandalar çempionluq uğrunda mübarizə aparıblar. “Eqnatiya” bu üç oyundan qələbə ilə ayrılıb və mövsümü 37 xalla zirvədə tamamlayıb. “Elbasani” də 37 xal toplamasına rəğmən, ikinci yerlə kifayətlənib. “Vlajniya” 31 xalla 3-cü, Tirana “Dinamo”su 27 xalla dördüncü yeri tutub.

“Eqnatiya” 36 oyunda topladığı 57 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının əsas mərhələsinin yarış cədvəlində 3-cü yeri tutmuşdu. Sözügedən komanda 36 oyunda 16 qələbə qazanıb, 9 heç-heçə edib, 11 məğlubiyyətə üzülmüşdü.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 76 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə ötən mövsüm də Albaniya çempionu olmuşdu.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsümdür çempion olur. Zamiq son iki çempionluğun iştirakçısıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
49
6
arena.az

10Источники