Sağlam qidalanma siyahılarında ön sıralara çıxan və dənizçilərin vaxtilə gəmilərə kisələrlə doldurduğu möcüzəvi meyvə yenidən gündəmdədir. Dadı ilə yanaşı, bədəni başdan ayağa yeniləyən bu qırmızı meyvə əsl şəfa mənbəyidir. Mütəxəssislər müntəzəm moruq (klyukva) istehlakının orqanizmə inanılmaz təsirlərini açıqlayıblar.
Moruq antioksidant tərkibinə görə ən populyar 20 meyvə arasında birinci yerdədir. Onun tərkibindəki xüsusi birləşmələr bakteriyaların sidik kisəsi divarına yapışmasının qarşısını alır. Bu xüsusiyyətinə görə meyvə xüsusilə sidik yolu infeksiyalarından əziyyət çəkənlər üçün ən güclü təbii qoruyucu hesab olunur.
Bu giləmeyvə ağız boşluğundakı turşuluğu azaldaraq diş çürüməsi, diş əti xəstəlikləri və ağız xərçəngi riskini minimuma endirir. Məzmunundakı yüksək C vitamini dəridə kollagen istehsalını artırır və qocalma prosesini ləngidir. Eyni zamanda pis xolesterolu aşağı salaraq qan təzyiqini tarazlaşdırır və ürək sağlamlığını qoruyur.
Həzm sisteminə də müsbət təsir edən moruq bağırsaqlardakı faydalı bakteriyaları bərpa edir. Mədə xorasına səbəb olan bakteriyaların mədə divarına yapışmasını çətinləşdirir. Lakin böyrək daşı olanlar və qan durulducu dərman qəbul edənlər bu meyvəni rasionuna daxil etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
Təzə moruq dondurucuda bir ilədək saxlanıla bilər. Onu salatlara, yulaf sıyığına və ya kokteyllərə əlavə edərək istehlak etmək mümkündür. Qeyd edək ki, qurudulmuş moruqda şəkər miqdarı daha yüksək olduğu üçün təzə meyvəyə üstünlük verilməsi tövsiyə edilir.