RU

Müstəqillik Günü münasibətilə Budapeştdə ziyafət təşkil olunub

27 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub. 

“Cebheinfo.az” xəbər verir ki, ziyafətdə Macarıstanın dövlət rəsmiləri, parlament nümayəndələri, Budapeştdəki diplomatik korpusun rəhbər şəxsləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanılıb.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə 28 May – Müstəqillik Gününün əhəmiyyətindən danışaraq, bu əlamətdar günün Türk dünyası və müsəlman Şərqində ilk dünyəvi, demokratik və parlamentli respublikanın yaradılması kimi tarixə yazıldığını bildirib. 

Səfir çıxışında vurğulamışdır ki, 108 il əvvəl əsası qoyulmuş Azərbaycan dövlətçilik ənənələri müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin xidmətləri nəticəsində daha da möhkəmləndirilmiş, hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 

Bildirilib ki, bu gün Azərbaycan regionda mühüm siyasi, iqtisadi və enerji mərkəzi kimi çıxış edərək beynəlxalq əməkdaşlığın və regional sabitliyin təmin olunmasına əhəmiyyətli töhfələr verir.

T. Tağızadə tədbirdə iştirak edən hər bir qonağın Azərbaycan ilə Macarıstan arasında dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini söyləyib. 

İkitərəfli münasibətlərin mövcud dinamikasından bəhs edən səfir ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhsil və mədəniyyət sahələrində təmasların ildən-ilə daha da möhkəmləndiyini bildirib.

Öz növbəsində, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əli Hüseynli çıxış edərək müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Macarıstan münasibətlərinin, eləcə də parlamentlərarası müstəvidə möhkəmləndirildiyini vurğulayıb. 

O, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmiş qalib dövlət kimi bu il Müstəqillik Gününü xüsusi qürur hissi ilə qeyd etdiyini bildirərək, regionda dayanıqlı sülhün və kommunikasiyaların açılmasının uzunmüddətli sabitliyə və əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini qeyd edib.

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı və Azərbaycanın tanınmış musiqiçilərinin birgə ifasında hazırlanmış “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyalarına dair ölkəmizdə lentə alınmış videoçarxlar nümayiş etdirilib.

Rəsmi ziyafətdə təqdim edilən Azərbaycan milli mətbəxinin nümunələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

"Cebheinfo.az"

Избранный
27
2
cebheinfo.az

10Источники