AZ

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. İspaniya Krallığındakı səfirliyimizin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə həyata keçirilən bu möhtəşəm aksiya çərçivəsində şəhərin simvolik rəmzlərindən hesab olunan “Cibeles” fəvvarəsi Azərbaycan Respublikasının Dövlət Bayrağının mavi, qırmızı və yaşıl rənglərinə bürünüb.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib. Bildirilib ki, axşam saatlarından etibarən fəvvarənin üzərinə proyeksiya olunan Azərbaycan bayrağının rəngləri paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Artıq ənənə halını alan bu əlamətdar aksiya Azərbaycan ilə İspaniya arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu addım, eyni zamanda, İspaniya ictimaiyyətinin Azərbaycana göstərdiyi hörmət və rəğbətin təzahürüdür.

Səfir Ramiz Həsənov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini təcəssüm etdirən belə bir xoş addıma göstərilən dəstəyə görə Madrid meriyasına təşəkkürünü bildirib. Səfir qeyd edib ki, bu cür simvolik tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra İspaniya Krallığı bu tarixi nailiyyəti tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biri olub. Son illər ərzində Azərbaycan-İspaniya münasibətləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. “Cibeles” fəvvarəsi təkcə Madrid şəhərinin deyil, bütövlükdə İspaniyanın ən məşhur tarixi və memarlıq simvollarından biri hesab olunur. Şəhərin mərkəzində yerləşən bu məkan həm madridlilərin, həm də turistlərin ən çox üz tutduğu əsas görüş və istirahət nöqtələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
azertag.az

10Mənbələr