RU

Qlobal forum, operativ media: WUF 13 də Azərbaycan jurnalistləri fəallığı ilə seçildi AÇIQLAMA

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Artıq WUF-13 də geridə qaldı. Mayın 17-22dək davam edən forum müddətində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr şəhərlərin gələcəyi, yaşayış mühiti və dayanıqlı inkişaf məsələlərini müzakirə etdilər.

Tədbirin əsas diqqət çəkən tərəflərindən biri isə medianın fəaliyyəti oldu. Forum boyu jurnalistlər bütün prosesləri yaxından izləyərək operativ məlumatlar hazırladılar. Gün ərzində yayımlanan reportajlar, müsahibələr və canlı bağlantılar tədbirin gündəmini daha geniş auditoriyaya çatdırdı.

Xüsusilə qeyd etmək yerinə düşər ki, sosial media üzərindən paylaşılan görüntü və xəbərlər forum ətrafında marağı artırdı. Media nümayəndələrinin işi yalnız xəbəri çatdırmaqla yekunlaşmadı. Jurnalistlər panel müzakirələrində səslənən fikirləri, qaldırılan problemləri və verilən mesajları ictimaiyyət üçün daha anlaşıqlı formada təqdim etməyə çalışdılar. Bu isə forumun mahiyyətinin daha aydın görünməsinə imkan verdi.

Tədbirin bütün önəmli məqamları media vasitəsilə gündəmdə saxlanıldı. WUF-13 bir daha göstərdi ki, beynəlxalq tədbirlərin təsir gücündə medianın rolu xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də mətbuat nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işıqlandırılmasına görə təşəkkür edib.

“Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Sizin hamınıza, redaksiyalarınıza təşəkkür edirəm”, – H.Hacıyev deyib.

Gununsesi.info-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan mediasının artıq beynəlxalq tədbirlərdə iştirak etmək, tədbirlərin mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda bu tədbirlər fonunda Azərbaycan reallıqlarını dünyaya tanıtmaq kimi ciddi bir təcrübəsi vardır:

“Bu təcrübə artıq illər boyu formalaşıb və biz həmin təcrübənin çox peşəkar tətbiqini WUF-13 çərçivəsində də gördük.

Azərbaycan jurnalistləri WUF-13-ün ən xırda detallarına qədər işıqlandıra bildilər. Yaxşı və əlamətdar haldır ki, diqqət yetirsək görərik, çoxsaylı xarici media qurumları Azərbaycan jurnalistlərinə istinadən bununla bağlı çoxsaylı məlumatlar yayıblar. Əlavə olaraq, Azərbaycan jurnalistləri fürsətdən istifadə edərək WUF-13 çərçivəsində Azərbaycana gələn qonaqlardan onların Azərbaycan barədə təəssüratlarını, Azərbaycan haqqında düşüncələrini soruşdular, eyni zamanda onlara Azərbaycan haqqında müəyyən bilgilər ötürə bildilər. Bu, belə demək mümkünsə, jurnalist fəaliyyətindən əlavə, həm də milli təəssübkeşlik məsələsi idi.

Belə demək mümkünsə, Azərbaycan jurnalistləri, qısaca desək, bu tədbirlərdə həm peşəkar jurnalist, həm də milli təəssübkeş kimi çıxış edərək öz işlərini layiqincə yerinə yetirə bildilər”.

Ekspert hesab edir ki, hər bir tədbirin keçirilməsi və işıqlandırılması siyasi baxımdan da, diplomatiya baxımından da, ölkəmiz üçün də, eyni zamanda jurnalistikamız üçün də yeni bir təcrübədir.

“Təbii ki, tədbirlər təkrarlanırsa, yeni tədbirlər keçirilirsə, burada təcrübə də artır. İndiki dövrü müqayisə etdikdə, artıq daha böyük təcrübənin formalaşdığını görürük.

Amma məsələ ondadır ki, bu dəfəki fəallığın və daha peşəkar davranışın səbəblərindən biri də Azərbaycan üzrə WUF-13 Hazırlıq Təşkilat Komitəsinin daha peşəkar fəaliyyət göstərməsi oldu. Burada elə strategiyalar hazırlandı ki, artıq WUF-13 çərçivəsində və fonunda Azərbaycana qarşı hücum etmək, saysız-hesabsız dezinformasiyalar və böhtanlar yaymaq mümkün olmadı. Çünki ötən tədbirlərdən əldə olunan təcrübə nəticəsində bu dəfə həmin neqativlərin qarşısını almaq üçün artıq müəyyən mexanizmlər formalaşdırılmışdı.

O baxımdan demək olar ki, bu dəfəki peşəkar davranışın əsas səbəblərindən biri də WUF-13 üzrə Hazırlıq Təşkilat Komitəsi ilə medianın əməkdaşlıq şəraitində işləməsi və bir-birinə qarşılıqlı dəstək göstərməsi oldu”, – deyə o fikirlərini yekunlaşdırıb.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, jurnalist Elman Cəfərli Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, BMT-nin Dünya Şəhərsalma Forumunun – WUF13-ün Bakıda keçirilməsi Azərbaycan mediası üçün əhəmiyyəti oldu:

“Bakı forumu mediamız üçün mühüm beynəlxalq kommunikasiya platformasına çevrildi. WUF13 günlərində yerli media qurumları yalnız tədbirin gedişini işıqlandırmaqla kifayətlənmədi, dayanıqlı inkişaf, yaşıl enerji və müasir şəhərsalma sahəsində ölkəmizdə həyata keçirilən layihələr beynəlxalq auditoriyaya təqdim edildi.

TV kanalları, xəbər portalları, qəzetlər əcnəbi media nümayəndələri ilə birlikdə təşkil olunan media turları vasitəsilə Azərbaycanın “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyaları ilə ətraflı tanış oldu.

Azad Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri, regionun yaşıl enerji məkanına çevrilməsi istiqamətində görülən işlər yelri və beynəlxalq medianın diqqət mərkəzində oldu.

Azərbaycan mediası forum çərçivəsində təşkil olunan panel müzakirələridən yazdı, beynəlxalq ekspert çıxışları barədə operativ və çoxdilli məlumat yaydı. Enerji keçidi, karbon emissiyalarının azaldılması, ekoloji dayanıqlı şəhər modelləri və rəqəmsal idarəetmə sistemləri ilə bağlı dolğun təqdimatlar verildi.

Yerli media qurumları forumun informasiya təminatında yüksək peşəkarlıq nümayiş etdirdi. Forumdan hazırlanan operativ reportajlar və analitik yazılar peşəkar şəkildə auditoriyaya çatdırıldı”.

Globalinfo.az-ın baş redaktoru, jurnalist Azər Ayxan Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, Azərbaycan mediası artıq bu cür qlobal tədbirlərə kifayət qədər adaptasiya olub:

“Bundan əvvəl COP29 zamanı Azərbaycan mediasının fəaliyyəti hər kəsin yadındadır. Qısa müddət sonra keçirilən daha bir böyük beynəlxalq tədbirdə — WUF-13 forumunda da Azərbaycan mediasının işini yenidən gördük. Tam 6 gün ərzində Azərbaycan mediası yalnız ölkədaxili auditoriyanın deyil, beynəlxalq ictimaiyyətin də bu tədbirlə bağlı məlumatlandırılması istiqamətində ciddi fəaliyyət göstərdi.

Azərbaycan mediasında artıq ciddi nəsil dəyişimi hiss olunur. Yeni gələn nəsil bir neçə dil bilir, medianın müasir tələblərini yaxşı mənimsəyib. Onların fəaliyyəti Azərbaycan mediasını yeni keyfiyyət mərhələsinə daşıyır”.

Gununsesi.info-ya danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan mediasının artıq beynəlxalq tədbirlərlə bağlı çox böyük təcrübəsi var:

“Bundan öncə də istər COP29 zamanı, istərsə də digər beynəlxalq tədbirlər dövründə Azərbaycan mediası sınaqlardan uğurla çıxmağı bacarıb. WUF-13 günlərində də mən ilk gündən etibarən Azərbaycan mediasının fəaliyyətini çox yaxından izləyirəm.

Jurnalistlərimiz gecə-gündüz bilmədən fəaliyyət göstərirlər və çox sevindirici haldır ki, artıq təkcə ölkə mediası deyil, beynəlxalq media da bu tədbirləri gündəmdə saxlayır. WUF-13 çərçivəsində keçirilən panellər, tədbirlər dünya mediasında çox yaxından işıqlandırılır. İstər panellərdə aparılan müzakirələr, istər şəhərsalma forumu ilə bağlı məsələlər və bu istiqamətdə olan mövzular artıq dünya gündəmini tutmağı bacarır.

Bu baxımdan Azərbaycan mediası bu tədbirlərdə üzüağ çıxmağı bacardı”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
50
icma.az

10Источники